Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
- 27-11-2020, 14:39
- Mədəniyyət / Video
- 0
- 273
27 ildən sonra Ağdamın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun qızları onun məzarını ziyarət ediblər.
Oxu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qızları onun məzarı üzərinə Azərbaycanın dövlət bayrağını sərib, şəklini asıb, güllər düzüb və dua ediblər.
Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətində çalışırlar.
DSX-nin Tibb xidməti kapitanı Aynur Bağırova bildirib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir:
“Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək, bu gün fəxrlə DSX-nin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Əminəm ki, bu gün 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq”.
Şəhidin digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova qeyd edib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə altı yaşında ziyarət etdiyi atasının məzarı önündədir:
“Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək, sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.
Milli Qəhrəmanın qızları doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.
Görüntüləri təqdim edirik:
<embed src='https://baku.tv/embed/29046' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>