Vüqar Biləcərilini öldürən səbəb
- 31-08-2020, 15:03
- Mədəniyyət
- 0
- 303
Meyxana Azərbaycanda özünü ayaqda saxlayan yeganə söz sənətidir – cəmiyyətdə yozulduğu istiqamətlər nə qədər arzuolunmaz olsa da, bu danılmaz faktdır.
Başqa sənətlərdə olduğu kimi bura da diletantlarla doludur. Fitri olaraq əruzun səri bəhrinə düşə bilən minlərlə gənc özünü meyxanaçı hesab edir, cahil cəsarəti ilə toylarda meydan sulayır. Necə ki, ədəbiyyatda heca və digər şeir vəznlərində sözləri yanbayan düzüb “şeir” qoşan şairlər var. Təəssüf ki, elə ədəbiyyatda olduğu kimi meyxanada da ümumi sənət haqqında rəy formalaşdıran adamlar adətən hər vəchlə özünü gözə soxmaq cəsarəti tapan sırtıq gənclər olur.
Əsl meyxanaçılar isə bəzən bir gecənin içində partlayış edə bilir, şöhrəti bütün Azərbaycana yayılır...
Yarı xoş, yarı zor meyxana mühitinə yaxın olan bir adam kimi bu sahə ilə bağlı soyuq başla fikir söyləyəndə beynimdəki neqativ fikirləri darmadağın edən meyxanaçılar var... Azından onlara xatir bu sahə barədə neqativ fikir demək olmur: Aydın Xırdalanlı, Rəşad Dağlı, Pünhan Əzimli, Vüqar Biləcərili...
İki gün əvvəl dünyasını dəyişən Vüqar...
Vüqar Biləcərili meyxanaya 20 yaşından əvvəl gəlib. Amma bir müddət sonra istədiyi uğuru qazana bilmədiyi üçün artıq bu sahədən uzaqlaşmağa qərar verir. Ətrafındakılara da bu barədə danışır. Ona təklif edirlər ki, son dəfə də dostunun toyunda desin və bundan sonra istəməsə, bu sahədən uzaqlaşsın.
Beləliklə, Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə isə onun taleyini dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, dinləyicilər ondan əl çəkmir, bir anda məşhurluğu hər yana yayılır.
Sonu gözlənilməz ölümlə yekunlaşan bu onilliyə baxsaq, Vüqarın nakam gedişinin səbəblərini aydın görə bilərik.
Az əvvəl qeyd etdiyim kimi, meyxana Azərbaycanda öz ayaqları üstündə dayanan azsaylı sahələrdən olduğuna görə bu meydanda qazanılan məşhurluq da həqiqidir. Həqiqi məşhurluqsa, təhlükəli tale vəd edir. Belə məşhurluq adətən çiy olur, insanı plansız halda yaxalayır.
Təsəvvür edin: yaş 22, qarşın dəliqanlı kütlə, arxan və ətrafın amansız rəqabət və bu bulanıq aləmdə hər gecə cibinə minlərlə pul girir...
Yuxusuz gecələr...
Çörək ağacın söz...
20-25 yaşında hər gecə minlərlə manat pul qazanan şəxs bu gəlirin qarşısında nadir hallarda sapmadan dura bilir. Əzəldən dumanlı olan meyxana məclisləri gecənin birində səni də öz pərdəsindən içəri dartır, bir gecə dadına baxdığın keflər bir ömür kabusuna çevrilir. Əvvəl sənə əhval gətirən nəsnələr bir müddət sonra səndən almağa başlayır; əvvəl əhvalını, sonra malını, sonda canını...
Məşhurluğun mənsəbi həmişə mənbəyindən asılı qalır. Məşhur şəxs onu bu mərhələyə çatdıran kütlənin zövqünə, tələbinə qatlaşmaq zorundadır. Daha doğrusu, kütlə onu çiyninə götürüb istədiyi yerə aparır. Məşhura ayaqlarını yerə vurmaq, özünün istədiyi istiqamətə getmək şansı yaratmır.
Kütlə insanı məşhurluğu qazandığı anda çiyninə götürür, bir də məzarının başında yerə qoyur...
Ağlayır, sızlayır, təzə qurban axtarışına çıxır...
Təəssüf ki, Azərbaycanda meyxana sənəti ilə məşhurluq qazanan adam elə həmin andan kəfəninə bürünüb tabutunun içinə girir, kütlə onu çox da uzun olmayan bir səfərə çıxarır, dumanlı dairə cızdıqdan sonra enişli-yoxuşlu bir qəbiristanlığın quzeyində yerə qoyur...
Vüqar Biləcərili təkcə ənənəvi meyxana deyib pulunu qazanan bir adam deyildi, o, həm də ali təhsilli, mütaliəli gənc idi. Mədəniyyət və İncəsənət Universitetini bitirmişdi. Klassik ədəbiyyatı əxz edərək oxumuşdu. O, gecənin bir aləmində “palatka toyu”nda elə misra deyirdi ki, əsl sənətə qiymət verən gənclər əsəbindən onu söyürdülər. Belə bir misranı mağar toyunda xərcləmək israfçılıq deyildimi?
Vüqar ömrünü də mağarlarda qiymətli bir misra kimi xərclədi.
Çox kədərli taledir... XXI əsrdə misraları hələ meyxana hafizlərinin dilindədir, demək olar ki, yazılı mətni yoxdur. Hətta bu yazını yazanda bir beytini dəqiqləşdirmək üçün axtarış etdim, izləmə sayı milyonu keçən həmin meyxana videosunu dinləyən heç bir adam onun beytini yazıya çevirməyib. Vüqarı öldürən kütlə budur. Ani, bədahətən gələn alqışlar, sonra unutqanlıq...
Meyxana sevənlər və meyxanaçılar yaxşı bilir ki, bu bədahət sənəti olduğundan bənddə deyilən ilk 2-3 misraya çox da önəm verilmir, əsas rədifə uyğun dediyin sonuncu, 4-cü misradır. Lakin Vüqar demək olar ki, bütün misralarının üstündə zərgər dəqiqliyi ilə işləyən, meyxanada belə adətən bəhrdən çıxmayan şair idi. (Bu məqama xüsusi diqqət göstərən digər şair Pünhan Əzimlidir - Alatava). Məsələn, məclislərin birində, Vüqarın 4-5 bənd dedikdən sonra dilinə gətirdiyi misralara diqqət edək:
Binəva ruhumu cism içrə qərib etdi xuda
Ona tək eşqi-Yədullahı təbib etdi xuda
Ona bir rütbeyi-əlanı nəsib etdi xuda
O nə Musaya düşübdür, nə də İsaya düşüb.
Dəli könlüm yenə divanədi, sevdaya düşüb.
Elə bil, göz yaşımın qətrəsi dəryaya düşüb.
Bu gün həmin gecəyə - 2010-cu ilə boylansaq, yəqin, hər kəsin öz qənaəti formalaşacaq. 32 yaşında bizdən ayrılan meyxanaçı üçün “kaş elə həmin gün meyxananı buraxaydı” deyənlər də olacaq. Ancaq problem onun meyxananı buraxmasında deyildi, bu halda o ən yaxşı halda fərdini xilas edəcəkdi. Eyni zamanda, Vüqar Biləcərili olmayacaqdı. Bəlkə də elə 2010-cu ildə “öləcəkdi”. Bu problem meyxana mühiti, meyxanasevərlərin verdiyi məşhurluğun nəticə ilə adekvat olmamağındadır.
Ölkəmizdə olan əksər yaradıcı sahələr kimi bu sahədə də lazımı mexanizm yoxdur, ən yaxşı halda dövr edən bir qanlı çarx var, qəhrəmanlarına cəmi bir dövrə səyahət qıyan bir çarx... Onları yerdən götürür, ən uca nöqtəyə qaldırır və ikinci dövrəyə başlamadan sıxıb sümüklərini qırır.
Vüqar qəzəlləri və çoxbəhrli meyxanaları ilə bu sahəyə nə qədər qüdrət qatdısa da, sonda ölümü ilə cəmiyyətin meyxana və meyxanaçılar haqqında gəldiyi qaramat qənaətə öz arzuolunmaz töhfəsini verdi.
Təəssüf...
O qurbanlardan biri idi...
Çağdaş meyxanada adını çəkə biləcəyimiz barmaqsayı sənətkarlardan ikisinin aqibəti eyni cür oldu: Aydın Xırdalanlı öldü, bir il sonra Vüqar Biləcərilini itirdik.
Qulaqlara qurğuşun, bu qanlı zəncirin növbəti halqasını da nişan verənlər çoxdur. Amma biz ümid edirik ki, heç olmasa 32 yaşlı həmkarlarının düşdüyü bu dalan, nakam ölüm ətrafındakılara arzuolunmaz həqiqəti anladar. Kulis.az