İsti yay günlərində hansı qidalardan uzaq durmalıyıq? – SİYAHI
- 21-06-2023, 10:22
- Maraqlı
- 0
- 308
“Yayda havanın temperaturu yüksək və rütubətin çox olması səbəbindən insan bədəni tez isinməyə məruz qalır. Nəticədə, insan orqanizmində maddələr mübadiləsi yavaşıyır. Bu hesaba da qəbul etdiyimiz qidalar çətinliklə həzm olunur. Artıq qəbul olunan qidalar isə həzm orqanlarına ziyan vurur. Ona görə də yay aylarında seçdiyimiz qidalara xüsusi fikir verməliyik”.
Bunu Bizim.Media-ya açıqlamasında qida üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
O bildirib ki, isti havalarda yüngül, tez həzm olunan qidalara daha çox üstünlük verməliyik:
“Uzun müddətə hazırlanan və bir neçə dəfə isidilən qidalardan maksimum dərəcədə qaçmaq lazımdır.Yüksək təzyiqdən, ürək-damar xəstəliyindən, şəkərli diabetdən və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar yüksək temperaturlu havada daha diqqətli olmalıdırlar.
Çünki, hansısa qidanın həzmində yaranmış problem bu xəstəliklərdən əziyyət çəkən insanlar üçün ölüm riski belə yarada bilər. İsti havalarda insanlar orqanizmin tələbatını ödəmək üçün daha çox maye qəbul edirlər. Yaxşı olar ki, insanlar yayda ayran, su və bitki çayları daha çox üstünlük versinlər.
Unutmayaq ki, çay və kofe gündəlik lazım olan maye balansını təmin etmir.Yaxşı olar ki, çay və kofeni yalnız günün birinci yarısında içək. Çay və kofe həm də yuxu pozğunluğuna səbəb olur. Bunu da unutmaq lazım deyil.
Yaxşı olar ki, təbii nanə, kəklikotu çaylarından və limondan daha istifadə edək. Bu bitkilərin orqanizmə faydası çoxdur. Amma elə bitki çayları var ki, onların orqanizmə yan təsirləri də olur. Bunu da diqqətə almalıyıq”.
Məhsəti Hüseynova isti yay günlərində həddindən artıq yağlı yeməklərdən uzaq durmağı məsləhət görüb:
“Yağlı və qızardılmış yeməklər orqanizmə, xüsusən də qaraciyərə zərər verir. Bu qidalar tez həzm olunduğundan həmdə piylənməyə səbəb olur. Bundan başqa yayda xəmir yeməklərindən də uzaq durmalıyıq. Xəmir xörəkləri gec həzm olunduğu və enerjiyə çevrilmədiyi üçün ağırlıq yaradır, yorğunluğa və qəbizliyə səbəb olur. Yayda qəbul edilən “fast-food” yeməkləri aqressivliyə və yuxusuzluğa yol açır”.
Qida üzrə mütəxəssis yay aylarında açıq havada satılan bütün ərzaqlardan qaçmağı vacib sayır:
“Belə qidalar həm də zəhərlənmə riski yaradır. Bunun əvəzində qaynadılmış, manqalda az bişmiş, suda və buxarda bişmiş qidalara üstünlük verməliyik. Bu qidalar rahat həzm olunur və isti havada daha gumrah olmağımıza yardım edir.
İmmun sistemini gücləndirmək və vitamin balansını təmin etmək üçün mütləq mövsümi meyvə-tərəvəzlərdən istifadə etməliyik.
Amma isti havada çoxlu meyvə yemək də olmaz. Bu bağırsaqların mikroflorasını pozur. Buna tut, çiyələk, gilas və digər giləmeyvələri aid etmək olar. Bu giləmeyvələrin gün ərzində 150-200 qramı keçməmək şərti ilə qəbulu məqbuldur”.