Главная > Kriminal > Aqşin tez-tez bayılır, qanı laxtalanır - Anası

Aqşin tez-tez bayılır, qanı laxtalanır - Anası


23-12-2023, 09:30. Разместил: admin
Aqşin tez-tez bayılır, qanı laxtalanır - Anası


Aqşinin sağlamlığı yerində deyil. Tez-tez özündən gedir. Saatlarla ayılmır. Həkimə apardıq. Orda da bayıldı. İynə vurdular. Deyirlər ki, qanı laxtalanır.

Bu sözləri Axar.az-a erməni əsirliyindən azad olunan Azərbaycan əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

Onun sözlərinə görə, oğlu əsir düşdükdən sonra sağlamlığında ciddi problemlər yaranıb:

"Gördüyü işgəncələr səbəbindən belə vəziyyətə düşüb. Vurulan iynələr, bədəninə verilən cərəyan onun sağlamlığına zərər verib. Təcili şəkildə qanı yuyulmalıdır. Yolda getdiyi yerdə də ürəyi partlaya bilər. Həkimlər deyir ki, güclü qan laxtalanması var. Qanı yaxşı işləmir. Rəngini də görmüsünüz necədir. Psixoloji, nervoloji müalicə keçməlidir. Yanında söhbət edə bilmirik. Ancaq qıcıq yaratmayan söhbətlər edirik ki, ona pis təsir etməsin. Yəqin ki, DTX hospitala yatırdar. İmkanım yoxdur uşağı müalicə etməyə".

Sağlığı ilə bağlı yaşadığı problemdən danışan Aqşin isə bayılma hallarının Ermənistanda da olduğunu bildirib. Vətənə qayıtdıqdan sonra vəziyyətinin daha ciddi olduğu anlaşılıb:

"Bacardığım qədər ayaq üstə qalmağa çalışıram. Yaşadığım yadıma düşəndə ürəyim gedir. Bakıya gələndən sonra vəziyyətim daha da pisləşib. Ermənistanda da olurdu. Bu vəziyyətlə bütün günü yaşayırdım, düşünürdüm ki, səbir edim, tezliklə Vətənimə gedəcəm. Orada bu vəziyyətə düşəndə yardım olunmurdu. Gələndən sonra isə bu hala tez-tez düşürəm, ürəyim gedir".

Evdə müalicə olduğunu və onunla birlikdə əsir düşən Hüseyn Axundovla tez-tez danışdığını deyən Aqşin hərbi xidmətin davam etdirilməsi ilə bağlı məsələyə də münasibət bildirib:

"Məncə, hərbi xidmətim başa çatmış sayılır. Bu barədə DTX ilə yenə də dəqiqləşdirmə aparacam. Məncə, bitib. Lakin bu barədə dəqiq heç kim danışmayıb mənlə".

Qeyd edək ki, erməni əsirliyində olan əsgərlərin hərbi xidmətlərini davam etdirilməsi ilə bağlı məsələyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də aydınlıq gətirib. Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov saytımıza bildirib ki, hərbi qulluqçu əsir düşdükdə həmin müddət ərzində onun həqiqi hərbi xidməti dondurulmur. Müddətli həqiqi hərbi xidmətə onun əsirlikdə olduğu vaxt da daxildir.


Вернуться назад