DSMF-nin keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı
- 22-01-2021, 11:53
- Kriminal
- 0
- 222
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilib.
Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilib.