Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
- 17-04-2024, 10:36
- Kriminal
- 0
- 64
Xəbər verdiyimiz kimi, bu gün sabiq deputat Hadı Rəcəbli 76 yaşında vəfat edib.
Ölkə.Az 1995-2020-ci illər arasında parlamentdə millət vəkili kürsüsündə əyləşən H.Rəcəbli haqqında yaddaqalan məqamları təqdim edir.
Bunlardan biri onun sabiq deputat Hüseynbala Mirələmovla dostluğudur. Hələ uşaqlıq vaxtından bir parta arxasında əyşələn Rəcəbli və H.Mirələmov taleyin qismətindən sonradan da Milli Məclisin iclas zalında yanaşı əyləşiblər.
Onların hər ikisi uzun illər deputat olub. 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası fevralın 13-də 4 dairənin nəticələrini ləğv edib. Bu dairələrdən ikisi - 74 saylı Lənkəran kənd seçki dairəsi və 33 saylı Xətai birinci seçki dairəsi H.Rəcəbli və H.Mirələmovun lider olduğu dairələr idi.
Deputat olduğu 25 il ərzində H.Rəcəbli bir sıra açıqlamaları ilə yadda qalıb.
Sözsüz ki, onun ən yaddaqalan çıxışı müəllimlərlə bağlı səsləndirdiyi fikirlər idi. Mərhumun 2015-ci ildə "Hadı Rəcəbli müəllimlərə fəhləlik təklif edir" başlığı ilə tirajlanan açıqlaması kəskin tənqid edilmişdi. Hətta bununla bağlı karikatura və "caps"lər hazırlanmışdı.
"Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
Sabiq millət vəkili daha sonra növbəti dəfə açıqlama verərək ailə üzvlərinin çoxunun müəllim olduğunu, sözlərinin konsteksdən çıxarıldığını söyləmişdi.
Mərhum deputatın müzakirə olunan növbəti təklifi isə sosial şəbəkələrin bağlanması barədə 2018-ci ildə dedikləri idi.
Hadı Rəcəbli sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə aparılan kampaniyanın qarşısını almaq üçün belə bir təklif irəli sürmüşdü.
“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”, - Hadı Rəcəbli Ölkə.Az-a bildirib.
O, daha sonra yenə də sözlərinin təhrif edildiyini demişdi.
Sabiq deputat 2018-ci ildə doğum günündə verdiyi müsahibəsində "Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə, günlərə ehtiyacım var" sözləri də nədənsə xeyli müzakirə olunmuşdu.
H.Rəcəblinin 2016-cı ildə Milli Məclisdə ailə ilə bağlı səsləndirdiyi fikirlər də birmənalı qarşılanmayıb.
"Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq.
Bu gün ailədə qızı sabahın gəlini, anası və qayınanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik. Təəssüf ki, hələ də evə gələn bəzi gəlinlərin qab yuya bilmədiyini, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir", - H.Rəcəbli bildirib.
2017-ci ildə deputatın yerli mətbuata açıqlamasında "insanların ömrü uzanıb", "pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur" sözləri də xeyli danışılmışdı.
2018-ci ildə Milli Məclisin iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı Hadı Rəcəblinin “143 manata bir ay normal yaşamaq olar” dediyi iddia edilirdi.
Bu xəbərdən sonra tənqid hədəfinə çevrilən deputat onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini söyləmişdi.
2020-ci ildə deputatın karantin qaydalarını pozaraq nəvəsinə 150 nəfərlik toy etməsi barədə yazılanlar da H.Rəcəblini qəzəbləndirmişdi. Belə bir toyun baş tutmadığını deyən sabiq deputat "bir az mənə imkan verin, istirahət edim, nə olar” sözlərini demişdi.
Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılmasından sonra H.Rəcəbli yaxın dostunun müdafiəsinə qalxmışdı.
Onun "Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər” sözləri də dildən-dilə düşmüşdü.