Perinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTO
- 9-01-2024, 09:16
- Kriminal
- 0
- 84
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı 100-dən çox şəxs təxliyə olunub.
Oxu.Az-ın məlumatına görə, yanğınla bağlı xəstələrin vəziyyətlərində heç bir ağırlaşma yoxdur.
Hazırda yenidoğulmuşlar, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər beş tibb müəssisəsinə təxliyə prosesi davam edir.
***
Respublika Perinatal Mərkəzində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyevin sözlərinə görə, yanğın Mərkəzin dördüncü mərtəbəsində baş verib.
Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.