» » İki ölkədən Azərbaycana xain həmlə: Ermənistanı savaşa hazırlayırlar - NƏ BAŞ VERİR?

İki ölkədən Azərbaycana xain həmlə: Ermənistanı savaşa hazırlayırlar - NƏ BAŞ VERİR?



Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hindistan və Fransanın Ermənistanı silahlandırmağa başlaması, separatçıların Rusiya sülhməramlıların müşayiəti ilə Qarabağın dağlıq hissəsinə silah-sursat daşımaları ilə bağlı məlumatlar yayılır. Sizcə, nə baş verir?

- Ermənistanın müharibə hazırlaşmadığını düşünməmək böyük sadəlövhlük olardı. Ermənilər 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra eyforiyaya qapılmışdılar. Otuz il ərzində nə ordularını gücləndirdilər, nə ayıq başla düşdündülər, nə də realist və praqmatik mövqe tutdular. İndi biz bunu təkrarlamamalıyıq, durmadan qələbəmizdən danışmağa dəyməz, qabağı düşünməliyik, irəlini görməliyik. Əgər düşünürüksə ki, Ermənistan və ermənilər sakit oturacaqlar, kapitulyasiyanı qəbul edəcəklər, Azərbaycanla normal münasibətlər quracaqlar – bu, ən böyük strateji səhvimiz olardı. Ermənilər bu günü, sabahı düşünmürlər, onlar 5-10 il sonra baş verəcəkləri ehtimallaşdırmaq, proqnozlaşdırmaq və buna uyğun strategiyalarını qurmağa çalışırlar. Bizim düşmənimiz çox hiyləgər, şərəfsiz və ləyaqətsizdir. Bunu bilməliyik.

Dediyim kimi, Ermənistan rəhbərliyi və erməni cəmiyyəti həmişə revanşist duyğularla yaşayır. Onlar yenidən Azərbaycan ərazilərini işğal etmək arzusu ilə qıvrılırlar. Qətiyyən bunu nəzərdən çıxarmamalıyıq.

Hindistanın Ermənistanla 150 milyon dollarlıq silah müqaviləsini reallaşdırmasına gəlincə, bunun təfərrüatlarının özü maraqlıdır. Hindistan Ermənistana özüyeriyən artilleriya qurğuları və haubitsalar satmağa hazırlaşır. Silahlar gəmilərlə İrana, oradan da yük maşınları Ermənistana çatdırılacaq.

Bundan başqa, Fransa Ermənistana ilkin mərhələdə 50 zirehli transportyor, daha sonra isə 72 zirehli texnikanın verilməsini planlaşdırıb. Eyni zamanda, Fransa Ermənistana “Mistral” tipli hava hücumundan müdafiə sistemləri, zenit qurğuları, digər silah-sursat, gecəgörmə cihazları, radioelektron mübarizə vasitələri verəcək. Yəni hərbi yardım genişspektrli olacaq.

- Fransa niyə belə edir?

- Özümüzü aldatmayaq ki, bunu Hindistan edir. Çünki Fransa şirkətlərinin icazəsi olmadan Hindistanın bu haubitsaları Ermənistana satmağa ixtiyarı yoxdur. Fransa Ermənistan ordusunu bərpa etmək, gücləndirmək və sülh danışıqlarında onun mövqelərini daha güclü etmək istəyir. Eyni zamanda, özünün vasitəçi olmaq arzusunu reallaşdırmağa çalışır. Məsələ bu qədər bəsitdir.

- Bəs Hindistanın bölgədə hansı maraqları var?

- Pakistanla Azərbaycan strateji tərəfdaş və qardaş ölkələrdir. Pakistanla dost olan istənilən ölkə Hindistanın düşmənidir. Yəni Hindistan “düşmənimin dostu mənim düşmənimdir” prinsipini əsas götürür. Hindistana rəhbərlik edən Baş nazir Narendra Modinin partiyasının aşkar islamofob və antimüsəlman siyasətini də unutmamalıyıq. Bu, məsələnin romantik tərəfidir.

Məsələnin praqmatik və siyasi tərəfi isə odur ki, Hindistan Ermənistan vasitəsilə bölgədə dayaq nöqtəsi əldə etmək istəyir. Cənubi Qafqaz Hindistan üçün maraqsızdır. Yəni Hindistanın Cənubi Qafqazda möhkəmlənmək, regional oyunçuya çevrilmək, proseslərə müdaxilə etmək niyyəti yoxdur.

Cənubi Qafqazda Pakistan-Çin amili gücləndiyi üçün Hindistan bölgədə bu faktoru zəiflətməyə çalışır. Bu həm də ABŞ-ın geostrateji planlarından biridir. Hindistanın bu dəqiqə ən yaxın və ən sadiq müttəfiqlərindən biri olduğunu da unutmamalıyıq.

- Son gəlişmələr fonunda Vaşinqton görüşünün təxirə salınması o ehtimalı yaradır ki, müsbət mesajlara baxmayaraq gərginlik kifayət qədər yüksəkdir. Siz necə düşünürsünüz?

- ABŞ formatının davam etməsini istəməyən əsas ölkə Fransadır. Əlindən gələni edir ki, bu baş tutmasın. Səbəbi də budur ki, Fransa Avropa və post-sovet məkanında ABŞ-a ən sərt və ən radikal geosiyasi rəqibdir. Uzun illərdir Fransanın ən böyük arzusudur ki, Avropada ən güclü orduya və diplomatiyaya malik olsun, qitənin lokomotivi olsun. Hazırda Avropanın lokomotivi Almaniyadır. Məhz buna görə Olaf Şolz Moldova görüşündə iştirak etdi, məhz buna görə sabiq kansler Angela Merkelin vaxtilə Rusiya-Ukrayna münaqişəsindəki rolu kəskin şəkildə Fransada tənqid olunur, məhz bu səbəbdən Paris Cənubi Qafqazda ABŞ-a əks mövqedədir, məhz buna görə Brüssel formatının Vaşinqtonu üstələməsinə çalışır ki, Şarl Mişelin vasitəçiliyi aparılan prosesdə moderator statusuna sahiblənsin. Fransanın yaxın gələcək üçün geostrateji hədəfi budur.

- Bütün bunları nəzərə aldıqda bizi qarşıda nə gözləyir?

- Bizi qarşıda çox gərgin aylar gözləyir. Mövqelərimizin atəşə tutulması davam edəcək. “Ermənistandan Xankəndiyə silah daşınır” ifadəsində çox ehtiyatlı olardım. Çünki Laçında sərhəd-buraxılış məntəqəsi var, oradan silah-sursat keçirmək qeyri-mümkündür. Mətbuatda yayılan videokadrlardakı görüntülər isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki anbarlardan, kazarmalardan daşınan silah-sursatlardır. Yəni Ermənistandan Azərbaycana silah gətirilmir.

Qarşıda gərgin aylar olacaq: həm diplomatiyada, həm də sahədə, yəni həm mövqelərimiz atəşə tutacaqlar, separatçıların fəallığı olacaq, Xankəndidə gərginlik daha da artacaq. Çünki indi Xankəndidə Araik Arutyunyan, Samvel Babayn və Ruben Vardanyan arasındakı qarşıdurma pik həddə çatıb, hər üçü öz mövqelərini gücləndirməyə çalışır. Düşünürəm ki, hadisələr bu məcrada davam edəcək.

Bəs bu məcra bizim üçün təhlükəlidirmi? Yox, narahatlıq doğurur, amma təhlükəli deyil. Çünki Ermənistanın hərbi əməliyyatlara başlamağa imkanı yoxdur. Başlasa belə, Ermənistan qısa müddətdə mübahisəli əraziyə çevriləcək.

- Rusiyanın Qafanda baş konsulluq açması, Avropa Birliyinin də bu və digər ərazilərdə əməliyyat mərkəzləri qurması haqda məlumatlar da var. Bəs bu gəlişmələr nədən xəbər verir?

- Bunlar Ermənistanın suriyalaşmasından xəbər verir. Ermənistan sürətlə suriyalaşır. Suriyanın şimalında bir çox dövlətin müxtəlif adlar altında hərbi birləşmələri, qüvvələri var, indi Ermənistanda da belə bir durum yaranır. Hazırda Ermənistan-Azərbaycan şərti dövlət sərhədində Rusiyanın ciddi, daimi postu fəaliyyət göstərir. Emmanuel Makron isə “Avropa Birliyinin monitorinq missiyasının müşahidə məntəqəsi” adıyla üç post yaratmağı düşünür. Orada da fransız hərbçiləri olmalıdır. Bu isə Avropa Birliyinin öz tarixində ilk dəfə olaraq hərbi baza yaratmaq istəyi kimi qeydə alına bilər. Bu durumda Qafanda konsulluq qurmuş İran kənarda durmayacaq, o da öz müşahidəçilərini yerləşdirməyə çalışacaq.

Bütün bu prosesin sonunda Türkiyə bu təlxək oyuna son qoymağa çalışacaq. Türkiyə sona qədər bu təlxəklərin – İranın, Fransanın və Rusiyanın oyunlarını sakitcə seyir etməyəcək. Türkiyə buna son qoymaq üçün əlini masaya çırpacaq. Onda artıq səbri tükənmiş Azərbaycan öz sözünü deyəcək. Hadisələrin belə inkişafı bizə yox, Ermənistana yaxşı heç nə vəd etmir.

Onsuz da Ermənistan heç vaxt müstəqil ölkə olmayıb, indiyə qədər Rusiyanın forpostu idisə, bundan sonra isə bu yetimçə xalq təkcə Rusiyanın yox, üç ölkənin forpostuna çevrilir. Ona görə də Ermənistan sürətlə suriyalaşmağa doğru gedir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya