Arutyunyan Xankəndində referendum keçirəcək - Suda boğulanın saman çöpündən yapışması
- 20-05-2023, 11:12
- Kriminal
- 0
- 141
Xankəndində separatçılar arasında daxili siyasi gərginlik hər gün getdikcə daha da kəskin xarakter almaqda və ciddi parçalanma meylləri güclənməkdədir. Məhz bunun nəticəsi olaraq son günlərdə Samvel Babayan və Ruben Vardanyanın qrupları yenidən aktivləşib. Digər tərəfdən isə qondarma rejimin “parlament” sədri Tovmasyan da fəallaşıb. Artıq bir neçə gündür ki, Xankəndində separatçı qruplaşamalar arasında “siyasi məsləhətləşmələr” getsə də, tərəflər ortaq məxrəcə gələ bilmirlər. Bu da vəziyyətı daha da çıxılmaz dalana sürükləyir.
Babayan israrla özünü qondarma rejimin “dövlət naziri” postuna təyin olunmasını tələb edir. Onun son hədəfi isə Xankəndində “hakimiyyət” dəyişikliyinə nail olmaqdır. Bəzi məlumatlara görə, o bu məsələdə İrəvandakı bəzi qüvvələrdən, o cümlədən Paşinyandan da dəstək alır.
Babayanın aktivləşməsi fonunda “desant” Ruben Vardanyan da aktivləşib. O özünü daha çox “barışcıl” göstərməyə çalışsa da, gizli planlarının olduğu aydındır.
Son günlərdə “hakimiyyət” uğrunda mübarizəyə girişənlər arasında qondarma rejimin “parlamentinin” rəhbəri Artur Tovmasyanın rəhbərlik etydiyi qruplaşma da var. O da yaranmış situasiyadan faydalanıb, özünü separatçıların real namizədi kimi görür. Tovmasyan müxtəlif təkliflərlə çıxış edərək özünü ciddi rəqib kimi ortaya qoymağa çalışır. Bu məqsədlə bir neçə gün öncə Tovmasyanın Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı yeni qurumun formalaşdırılması barədə təklif irəli sürsə də, müsbət nəticə vermədi. Bunun nəticə vermədiyini görən Tovmasyan mayın 19-da üzləşilən durumdan çıxış yolu kimi baş separatçı Araik Arutyunyan ya istefa verib yeni “seçki”lərə getməsini, ya da “etimad referendum” keçirməsi barədə tələb irəli sürüb. Bu da Xankəndində siyasi hərarətin yüksəldiyini və ciddi böhranın yarandığını göstərir.
Erməni mediası olan “hraparak”ın yazdığına görə, Araik Arutyunyan yaranmış durumdan çıxış yolu kimi “etimad referendum”nun keçirilməsi təklifi üzərində dayanaraq qərar qəbul edib. Yaxın bir-iki ayda referendum təşkil olunacaq və Qarabağın erməni əhalisi bir suala cavab verəcək: Əhali “artsax prezidentinə” güvənir, yoxsa yox?
Baş separatçı Arutyunyanın bu cəhdləri də nəticə verməyəcək. Bu suda boğulanın xilas olmaq üçün saman çöpündən yapışması misalına bənzər.
Proseslərin gedişi onu göstərir ki, separatçılar Bakının irəli sürdüyü reinteqrasiya təkliflərdən uzaq durduqca Xankəndində hərarət getdikcə daha da kəskin xarakter alacaq. Bu nəticə etibarı ilə toqquşmalara gətirib çıxaracağı da istisna deyil. Çünki separatçılar üzləşdikləri durumla bağlı bir-birinin ünvanına kəskin ittihamlar səsləndirməkdədirlər. Bu da qarşıdurmanı və böhranlı vəziyyətin aradan qalxmasına deyil, əksinə böhranın daha da dərinləşməsinə və məhvə sürükləyir.
Yaranmış durumdan yeganə çıxış yolu isə Bakının inteqrasiya prosesi ilə bağlı şərtlərini qəbul edib, ona uyğun addım atmaqdır. Ya qanunvericiliyin tələblərinə uyğun Azərbaycan vətəndaşlığını qəbul edib, bu torpaqlarda yaşayırsa, ya da bu əraziləri öz xoşuna tərk edirsən. Bu iki variantdan birini seçməyənləri isə Azərbaycan komandos qrupları onları başa düşəcək dildə necə başa salmağı bilir. Bu da olacaq…