Главная > İqtisadiyyat > Ucuz metro ətrafındakı mənzillər niyə bahadır... - Qiymətlər və SƏBƏBLƏR

Ucuz metro ətrafındakı mənzillər niyə bahadır... - Qiymətlər və SƏBƏBLƏR


30-09-2021, 16:00. Разместил: admin
Ucuz metro ətrafındakı mənzillər niyə bahadır... - Qiymətlər və SƏBƏBLƏR


Metro əsasən daha ucuz şəhər nəqliyyatı hesab olunur. Bu səbəbdən fərdi nəqliyyat vasitələrinə sahib olmayan, maddi imkanları aşağı olan vətəndaşlar daha çox metro şəbəkəsi ətrafında məskunlaşmağa üstünlük verir. Lakin burada yerləşən mənzillərin qiymətləri həmin ailələrin büdcəsinə uyğun gəlmir.

Daşınmaz əmlak üzrə ekspert Bəhruz Həsənov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Azərbaycanda metro şəbəkəsi ətrafında olan mənzillərə tələbat yüksək səviyyədədir və bunun obyektiv səbəbləri var:

“Təhsil müəssisələrinə, istirahət və əyləncə mərkəzlərinə, iaşə obyetklərinə, xüsusən iş yerlərinə yaxınlıq bu təlabatı şərtləndirən əsas səbəblərdəndir. Həmçinin metro ilə şəhərin bir nöqtəsindən digər nöqtəsinə qısa zamanda çata bilmək imkanı bu mənzillərə marağı artırır”.

Ekspertin sözlərinə görə, yerləşdiyi ərazidən və mənzilin təmirindən asılı olaraq metro ətrafında olan köhnə binalarda 1 otaqlı mənzillərin qiyməti 45 000 - 60 000 AZN arası dəyişir. Yeni tikili binalarda 1 otaqlı təmirli mənzillər isə 55 000 - 80 000 AZN qiymətləri arasında dəyişir. Burada qiymətlər metrodan kənarda yerləşən ərazilərdəki evlərdən 15 000 - 20 000 AZN daha çox olur. Ən yüksək qiymətlər isə 1,5 milyon manata qədər çatır:

“İnsanların maddi imkanı alacağı mənzilin hansı metroya yaxın olacağına birbaşa təsir edir. Əsasən maddi imkanı orta olan şəxslər qiymətlərin daha ucuz olduğu metro ərazilərinə üz tutur. Bu metrolar mərkəzdən kənarda olanlardır. Əsasən Avtovağzal, 20 yanvar, Memar Əcəmi, İnşaatçılar, Dərnəgül, Əhmədli, Həzi Aslanov və s. metro ətrafında olan ərazilər bu siyahıya daxildir. Maddi imkanı yaxşı olan şəxslər isə əsasən şəhərin tam mərkəzində və mərkəzə yaxın prestijli ərazidə olan metrolara üz tutur. Əsasən Sahil, 28 May, İçəri şəhər, Nizami, Elmlər, Xətai, Gənclik, Nərimanov metroları ətrafında olan ərazilər bu siyahıya daxildir”.

Maraqlıdır ki, bəzən metro şəbəkəsi ətrafında mənzil alan bir çox vətəndaşlar əslində metro nəqliyyatından istifadə etmirlər, lakin mənzil seçimi edərkən bu amili diqqətdə saxlayırlar. Bu da sözgedən mənzillərə tələbatın artmasına və qiymət artımına yol açır. 

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərlinin sözlərinə görə, ev və ya mənzil alarkən hər kəs çalışır ki, onun yaşadığı ərazidə infrastruktur inkişaf etmiş olsun. Bu səbəbdən də vətəndaşların metro yaxınlığında mənzilə sahib olması və ya kirayə qalması normal haldır. Bunu vətəndaşın imkanlı olub-olmaması ilə bağlamaq olmaz:

“Bu gün fərdi nəqliyyat vasitəsi kimdəsə olsa da, sabah olmaya bilər. İnsanların maddi rifahı daima olduğu kimi qalmır. Maddi rifah yüksələ və enə bilər. Metro yaxınlığında mənzil sahibi olmağa daha çox maddi imkanı yaxşı olan şəxslərin can atması normaldır. Eləcə də, vətəndaşın metro, avtobus dayanacaqlarına yaxın yaşamaq istəməsi normal hal sayıla bilər”.

Ekspert həmçinin bildirib ki, bu gün ölkəmizdə ipoteka krediti ilə evləri yalnız imkanlı şəxslərin ala biləcəyi bir vəziyyət yaranıb. Halbuki ipoteka maddi imkanları aşağı olan gənc ailələr üçün nəzərdə tutulmuş bir layihə idi. Ümumiyyətlə, ev-mənzil problemi Azərbaycanda həlli çətin olan problemdir:

“Azərbaycanda nəqliyyat infrastrukturunun yaxşı vəziyyətdə olmaması insanları daha çox metro şəbəkəsi ətrafında məskunlaşmağa məcbur edir. Belə ki, vətəndaşlar işə gedərkən və işdən dönərkən digər nəqliyyat vasitələrində vaxt itirmək əvəzinə metrodan istifadə etməyi üstün tuturlar”. 


Вернуться назад