Главная > İqtisadiyyat > Azərbaycana gələn çinlilərin sayı artıb, ərəblər azalıb

Azərbaycana gələn çinlilərin sayı artıb, ərəblər azalıb


23-01-2024, 12:03. Разместил: admin
Azərbaycana gələn çinlilərin sayı artıb, ərəblər azalıb


Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib. 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30,2% artaraq 2 milyon 85 min nəfər olub. Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5, Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu, Asiya ölkələrində Azərbaycan turizminə marağın yüksəldiyini göstərir:

"Bununla belə, yenə də say baxımından Azərbaycana gələnlər içərsində ilk üçlük qonşu ölkələrin payına düşür. Turistlərin 30%-i Rusiya, 18,1%-i Türkiyə, 7,9%-i isə İrandan gəlib. İlk beşliyi isə Hindistan və Gürcüstan qapadıb".

Millət vəkili deyir ki, maraqlı məqamlardan biri də MDB ölkələrindən gələnlərin sayının 44,6%, Avropa İttifaqını təmsil edən ziyarətçilərin sayının 41,6% artmasına rəğmən körfəz ölkələri tursitlərinin sayında 2,1% azalmanın qeydə alınmasıdır. 2023-cü ildə Azərbaycana gələn ərəb tursitlərin sayı əvvəlki ilə müqayisədə azalıb.

"Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də, Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər".


Вернуться назад