Главная > İqtisadiyyat > Elektrik qatarlarında ilk dəfə gediş haqqını təmassız bank kartları ilə ödəmək imkanı
Elektrik qatarlarında ilk dəfə gediş haqqını təmassız bank kartları ilə ödəmək imkanı16-09-2020, 11:19. Разместил: admin |
“Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda ilk dəfə olaraq ölkəmizin dəmir yollarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır. Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər. Layihə “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur. «Visa şirkəti və bizim strateji tərəfdaşlarımız kütləvi daşınmalar sisteminin və ictimai nəqliyyatda ödənişlər prosesinin optimallaşdırılmasına önəmli töhfə vermək üzrədir. Biz sərnişinlər üçün problemsiz gediş təcrübəsi yaratmaq məqsədilə sərnişin nəqliyyatı operatorları tərəfindən rahat nəqliyyat həllərinin işlənilməsi səylərini dəstəkləyirik. VISA-nın vəzifəsi öz təcrübə və ödəniş texnologiyalarını təklif etməklə Azərbaycanın kütləvi daşınma operatorlarına nağd pul, kağız biletlər və müddətli gediş kartlarından təmassız ödənişlərə keçiddə yardım etməkdir. Anlaşma memorandumu ölkədə nağdsız iqtisadiyyatın artmasına yönəlmiş tədbirlərə dair bizim ümumi baxışımızı əks etdirir», - Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina Doroş qeyd edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov məsələni şərh edərək bildirib: “Biz dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstəririk. Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov həmçinin bildirib: “Ölkəmizdə ödəniş ekosisteminin rəqəmsallaşdırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı reallaşdırılır. Bu layihə üzrə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə ölkəmizdə ödəniş kartlarının sayı 37% artaraq 9,1 milyona, təmassız kartların sayı isə 3,6 dəfə artmaqla 2,4 milyona çatıb. Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq". Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib: “Azərbaycan Beynəlxalq Bankı bir çox meyarlara görə Cənubi Qafqaz regionunun ən böyük maliyyə təşkilatlarından biridir. Bank Azərbaycanda və regionda nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Ölkəmizdə əksər innovativ bankçılıq texnologiyalarının tətbiqi məhz Azərbaycan Beynəlxalq Bankının adı ilə bağlıdır. Bank bu gün də müasir dünyanın yeni çağırışlarına cavab verən müştəri təcrübəsinin formalaşması məqsədi ilə innovasiyalara ciddi yatırımların qoyulmasına davam edir. Dəmir yolu nəqliyyatında təmassız bank kartlarından istifadə də tərəfdaşlarımızla birgə yaratdığımız uğurlu təcrübələrdən biri olacaq və müştərilərimizin rahatlığı və məmnuniyyətinə xidmət edəcək”. Вернуться назад |