Bu aydan mənzillər bahalaşacaq - Ekspert
- 2-11-2021, 14:22
- İqtisadiyyat
- 0
- 217
“Ümumilikdə, oktyabr ayı mənzil bazarı üçün stabil ay oldu. Ciddi qiymət dəyişikliyi müşahidə olunmadı”.
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, bu ərəfədə mövsüm üçün xarakterik olmayan passiv tendensiya müşahidə olunub:
“Bu səbəbdən oktyabr ayında mənzil bazarı üçün 0,5-1,5%-lik qiymət dəyişikliyi ehtimal olunur. Bu da ümumi bazar üçün orta qiymətlərdə ciddi dəyişiklik hesab olunmur”.
Ekspert həmçinin tikinti bazarında bahalaşmanın mənzil bazarına təsirindən də danışıb. Onun sözlərinə görə, tikinti bazarında materialların qiymətinin artımı tikintidə maya dəyərinə təsir göstərir: “Bu da daha çox fərdi yaşayış evlərinin və ilkin mənzil bazarında çoxmənzilli binaların tikintisində özünü göstərir. Tikinti materialları bazarında qiymət artımı prosesi artıq bir neçə aydır davam edir. Lakin son dövrlər dinamik artımlar dayanıb. Buna baxmayaraq, ilin əvvəli ilə müqayisədə bəzi tikinti materiallarının qiymətində 20-30% dəyişiklik müşahidə olunub. Bu da bütövlükdə tikinti qiymətlərinə təsir göstərir və nəticə etibarilə qiymət artımlarıı baş verir”.
R. Osmanlı əlavə edib ki, tikinti materiallarının 30% bahalaşması torpağın da qiymətindən asılı olaraq fərdi yaşayış evlərinin qiymətində 5-20% qiymət dəyişminə səbəb olur.
Ekspert noyabrda mənzil bazarının gözlənilən vəziyyətinə də toxunub. O vurğulayıb ki, qarşıdakı aylarda, özəlliklə noyabr ayında mənzil bazarında aktivliyin artımı ehtimal olunur. Aktivliyin artımı qiymətlərə də təsir edəcək. Nəticədə, biz oktyabrdan fərqli olaraq noyabrda mənzil qiymətlərində artımı nisbi deyil, dinamik artım kimi görəcəyik. Hesab edirəm ki, bu, minimum 5%-dən yuxarı olacaq”.