Sumqayıtda güzəştli mənzillərin satışı başlayır - QİYMƏTLƏR
- 16-07-2021, 10:26
- İqtisadiyyat
- 0
- 256
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır.
Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 20 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-ə qədər davam edəcək.
Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa ümumilikdə 144 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 04 iyun 2019-cu il tarixli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.
Daha ətraflı buradan tanış ola bilərsiniz.