Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur
- 21-04-2021, 11:40
- İqtisadiyyat
- 0
- 272
Dövlət başçısının tapşırığına uyğun olaraq respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən bir-neçəsi Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində icra olunur.
Belə ki, Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonu Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən layihəyə əsasən qeyd edilən kənd yollarının ümumi uzunluğu 61.7 kilometdir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3.5 m olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1.5 m olmaqla 3 metrə bərabərdir.
Görülən işlər çərçivəsində Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kənd yolları layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bununla yanaşı uzunluğu 5.2 km olan Təpəcənnət yolunda 14 ədəd, 6.2 km olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suotürücü boru quraşdırılıb, həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Hazırda hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Layihəyə uyğun olaraq Yevlax rayonunda da 2 kənd yolunun yenidən qurulması icra olunur ki, artıq işlər son mərhələdədir. Bu 4.4 km uzunluğa malik Qaraoğlan və 3.2 km-lik Quşçu kənd yollarıdır. Sözügedən kənd yolları boyunca deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, yeni yol yatağının inşası aparılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir və hərəkət hissə asfalt örtüyü döşənməsi üçün hazır vəziyyətə gətirilir. Yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri icra olunur.
Ucar rayonunda isə 3.5 km uzunluğa malik Alpı və 3.4 km-lik Qulabənd kənd yolları inşa edilir. Hər iki yolda işlər artıq yekunlaşmağa doğru gedir. Belə ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sözügedən yollarda yeni yol yatağı inşası yekunlaşdırılıb. Hazırda layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası aparılır, yollar boyunca ümumilikdə 31 ədəd dairəvi suötürücü boru quraşdırılır. Bunun ardınca isə yollara 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.
Anoloji işlərin Zərdab rayonu ərazisində 3 kənd yolunda da icrasına start verilib. Bu uzunluğu 15.9 km olan Yarməmmədbağı, 4.7 km uzunluğa malik Körpükənd və 5 km-lik Əlvənd kəndlərinin yollarıdır. Hazırda yollar boyu xüsusi texnikalardan istifadə olunmaqla yatağın genişləndirilərək profilə salınması və IV texniki dərəcəyə uyğun inşası, həmçinin lazımi qarışıqlardan istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilir. Yarməmmədbağı, Körpükənd və Əlvənd kənd yollarında müvafiq olaraq 20, 10 və 9 ədəd dairəvi suötürücü borunun quraşdırılması da layihə üzrə nəzərdə tutulur.
Zərdab rayonu ilə yanaşı Ağcabədi rayonunda Şənlik kəndi yolunun da yenidən qurulması işlərinə başlanılıb. Hazırda kəndə gedən 10.2 km-lik yolda yeni torpaq yatağı və yeni yol əsası inşa edilir. Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan 16 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri və mövcud 2 avtomobil körpüsünün əsaslı şəkildə təmiri də layihəyə daxil edilib. Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işlərindən sonra Şənlik kənd yoluna əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Qeyd edək ki, tikintiyə Texniki nəzarət işlərini İtaliyanın “İRD Engineering” şirkəti yerinə yetirir.
Ümumilikdə isə tikinti işləri tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yollar adı qeyd edilən 10 kəndin 12 mindən artıq əhalisi ilə yanaşı bu yollardan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək. Bundan başqa əhali tərəfindən yetişdirdirilən kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan rayon mərkəzinə və qonşu rayonlara daşınmasına şərait yaratmaqla bu sahənin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində kənd əhalisinin sosial həyat şəraitinə müsbət təsir etmiş olacaq.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...