Kriptovalyuta bazarında DALĞALANMA – “Bitcoin”in qiyməti 100 min dolları ötə bilər
- 9-03-2024, 11:28
- İqtisadiyyat
- 0
- 82
Son iki həftə ərzində həm kriptovalyuta bazarında, həm də “Bitcoin”in (BTC) qiymətində bir neçə dəfə ciddi dalğalanmalar müşahidə olundu. Martın 7-dən etibarən isə bu kriptovalyutanın dəyəri 65-66 min dollar arasında dəyişir.
Beynəlxalq ekspertlər ötən həftəki qiymət dəyişiklərini Spot Bitcoin ETF-lərə maraq və axının artması ilə bağlamağa çalışırlar. Onların dediyinə görə, bu maraq nəticəsində “Bitcoin”in bazar dəyəri 1,3 trilyon dolları ötüb.
Bəs BTC-nin kəskin bahalaşması və ardınca ucuzlaşması nə ilə bağlıdır?
Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran kriptovalyuta bazarı üzrə mütəxəssis Elnur Quliyev, bahalaşmanı bazardakı güclü ajiotajla əlaqələndirib. Onun sözlərinə görə, qorxuya düşən bəzi sahibkarlar həftə boyu kütləvi surətdə BTC almağa çalışırdı:
“Buna görə də əsas hədəf, qiymətin 69 min dollara qədər qalxması idi ki, bu tarixin ən yüksək hədəfi sayılır. Hətta bir çoxları bunun daha yüksək qiymətə çatmasını gözləyirdi. Treyderlərin 90 faizi də bu dəyərin yaxın vaxtlarda korreksiya olunacağını və 69 500 - 69 700 dollara qədər bahalaşacağını bildirirdi. Gözlənilən kimi də oldu və BTC-nin dəyəri 69 200 dollara çatmadan geriyə düşdü. Bu da onu göstərir ki, treyderlər gəlirlərini fiks etdirdilər. Bu da onu göstərdi ki, bu dəyərə qədər əldə edilən qazanc bütün kripto hesablarına 100 faizlik təsir etdi”.
Müsahibimiz belə hesab edir ki, hazırda böyük spekulyativ komponentdən başqa “Bitcoin”in dəyərinin bu qədər sürətli artması üçün hər hansı ciddi əhəmiyyət kəsb edən fundamental səbəb yoxdur:
“Düzdür, “Spot Bitcoin ETF” fondları vasitəsilə kriptovalyuta bazarına güclü kapital axını davam edə bilər, amma indiki vəziyyətdə qlobal makroiqtisadi mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu ABŞ Federal Ehtiyatlar Sistemi (FES) oynayır. FES ümumi investisiya mühitinə uçot faiz dərəcəsi qərarı və Bank Müddətli Maliyyələşdirmə Proqramı (Bank Term Funding Program) ilə təsir edir.
Böyük ehtimal ki, yaxın aylarda uçot faiz dərəcəsi endiriləcək. Uçot dərəcəsinin aşağı salınması maliyyə bazarında dolların likvidliyini artırır, kreditlər ucuzlaşır və nəticədə investisiya mühitinə müsbət təsir edir”.
“Gənc investorlar riskə gedirlər”
Sözügedən durumun iqtisadi artımı sürətləndirdiyini söyləyən ekspert düşünür ki, bu da biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verəcək:
“Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyə təşviq edir. Bu faktor potensial investorları çətin seçim qarşısında qoyur. Xüsusən də, yaşı 35-dək olan investorların əksəriyyəti son illərdə daha çox və daha tez qazanmaq üçün nisbətən riskli aktivlərə investisiya etməyi üstün tuturlar”.
Qeyd edək ki, son vaxtlar “Spot Bitcoin ETF”lərdə də ciddi oyunlar baş verdi və “Bitcoin”ə həm maraq artdı, həm də ciddi investisiya axını baş verdi.
E.Quliyev də “Spot Bitcoin ETF”lərin də bu məsələdə böyük təsirlərə malik olduğunu təsdiq etdi:
“Hamı elə düşünürdü ki, bu ETF-lərin təsiri az olacaq. Ancaq sonrakı proseslər göstərdi ki, son bir ay ərzində bu fondlar yüksək gəlirli oldular və ciddi kapital axını başlandı. Digər tərəfdən isə bəzi topdan kriptovalyuta satan şirkətlər BTC-nin bitdiyini elan etdilər və bu da ajiotajı yaradan səbəblərdən biri oldu. Buna görə sərmayədarların çoxu birjalara axın etdilər və böyük sərmayələr yatırdılar. Bu da o deməkdir ki, BTC-yə tələbat daha artacaq”.
Bəzi ekspertlər isə belə hesab edirlər ki, son 69 min dollarlıq göstərici çox şişirdilmiş rəqəmdir və birjalardakı əsl dəyəri 46-47 min dollar arasındadır. Bu fikir nə qədər doğurdur?
“Əgər BTC-nin sırf maya dəyəri nəzərdə tutulursa, bu, mayninq göstəricidir və ölkədən ölkəyə dəyişir. Yəni, elə ölkə var ki, qiymət 12 min, elələri də var ki, 25 min və ya 45 min dollardır. Qiymətlərə təsir edən əsas amil tələb və təklifdir. Əgər tələb varsa, qiymət də bahalaşacaq, hətta 100 min dollardan da baha olacaq. Bu da normal bir haldır”.