Rusiyadan pul göndərməkdə problem olacaq - köçürmə çətinləşir
- 13-09-2023, 09:56
- İqtisadiyyat
- 0
- 124
İqtisadçı deyir ki, Azərbaycana köçürülən vəsaitlərdə problem olacaq, daşınmaz əmlak bazarı isə...
Rusiyadan rublun çıxarılmasına limit tətbiq edilməsi təklif edilib. VTB-nin rəhbəri Andrey Kostin ruslar üçün ölkədən kənara təkcə xarici valyutanı ilə deyil, həm də rubl köçürmələrinin məhdudlaşdırılmasını təklif edib. Onun sözlərinə görə, rublun məzənnəsini dəstəkləmək üçün xaricə pul çıxarmaq boşluqlarını bağlamaq lazımdır. “Sadəcə, başa düşmək lazımdır ki, biz sülh dövründə yaşamırıq. Tutaq ki, siz xaricə pul köçürmək qərarına gəldiniz: limit xarici valyuta ilə ayda 1 milyon dollardır, lakin siz istədiyiniz qədər rublla köçürmə edə bilərsiniz. Məsələn, Ermənistana 1 milyard rubl köçürülür və o, dərhal dollar müqabilində geri qayıdır. Bu fürsəti bağlamaq lazımdır”, - Kostin bildirib.
Bundan əlavə, o vurğulayıb ki, Rusiya hökuməti daha sərt valyuta nəzarəti tətbiq etməyi təklif edir. Kostin onu da qeyd edib ki, həddi xarici valyutada olduğu kimi, 100 milyon rubl müəyyən etmək olar.
VTB rəhbəri əlavə edib ki, Mərkəzi Bank digər variantlarla yanaşı, rublun çıxarılmasına limit tətbiq etmək təklifini nəzərdən keçirir: “Mənə elə gəlir ki, bu, rublla bağlı vəziyyətin inkişafından asılı olacaq”.
Martın sonunda Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xarici banklara vəsait köçürməsinə qoyulan məhdudiyyətləri 2023-cü il sentyabrın 30-dək uzadıb. Məhdudiyyətlər nəzərdə tutur ki, Rusiya vətəndaşları və dost ölkələrdən rezident fiziki şəxslər hələ də bir ay ərzində istənilən xarici bank hesabına 1 milyon dollardan çox olmayan və ya başqa xarici valyuta ekvivalentində pul köçürə bilərlər. Rusiyada işləyənlərin Azərbaycana göndərdikləri məbləğlər bu qədər olmasa da, onlara da limit tətbiqi gələ bilərmi? İki ölkə arasında sahibkarlara hansı təsirləri ola bilər...
Natiq Cəfərli
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, Rusiyada istənilən valyutada məhdudiyyətlərin tətbiqi qaçılmazdır: “İndi ancaq avro, funt, dollar və sairə bu kimi Qərb valyutalarında müəyyən məhdudiyyətlər var. Amma yuanla, rupi ilə, hətta rublla da xaricdən pul köçürmələrdə müəyyən məhdudiyyətlər olacaq. Çünki Rusiya iqtisadiyyatı bunu diktə edir. Rusiya iqtisadiyyatında dalğalanmalar yenidən başlayıb. Yenidən sanksiyaların təsiri getdikcə artır. Son məlumatlara görə, Azərbaycana da köçürülən vəsaitlər iki dəfədən çox eyni müvafiq dövrdə, yəni bu ilin ilk yarısında iki dəfədən çox azalıb. Bu onu göstərir ki, Azərbaycana köçürülən vəsaitlərdə problem yaranacaq, azalmalar olacaq. Bu, tək məhdudiyyətlərlə bağlı deyil. Bu həm də onunla bağlıdır ki, rubl dəyərdən düşüb, az qala 1 dollar 100 rubl civarındadır. Azərbaycanlılar orada rublla pul qazanırlar. Onlar rublu yenidən valyutaya çevirib öz ailəsinə göndərməkdə problem yaşayırlar. Çünki gəlirləri azalır, xərcləri artır. Rusiyada da güclü inflyasiya var, qiymət artımı müşahidə olunur. Ona görə də Azərbaycan iqtisadiyyatına düşən böyük həcmdə təsiri yoxdur. Çünki bizim Rusiyadan asılılığımız şükür ki, çox azdır. Amma bəzi regionlarda yaşayan soydaşlarımız uzun illərdir ki, Rusiyadan gələn vəsait hesabına sosial-iqtisadi problemlərini edirdilər, bax bu, onların dolanışığına təsir göstərə bilər”.
Ekspert əlavə etdi ki, bu amil Azərbaycanda daşınmaz əmlak bazarına da mənfi təsir göstərə bilər: “Çünki Bakıda əsasən daşınmaz əmlak bazarında Rusiyadan gələn vəsait həmişə önəmli rol oynayırdı. Rusiyada qazanılan vəsaitlərin bir qismini soydaşlarımız Azərbaycanda daşınmaz əmlaka yatırırdı. Bazarda da getdikcə müəyyən durğunluq yarana bilər. Vəsait azaldıqca Rusiyadan gələn pulların Azərbaycanda daşınmaz əmlaka yatırılması məhdudlaşacaq”.
Rusiyalı iqtisadçı və maliyyəçi Konstantin Tserazov isə bildirib ki, Rusiya Mərkəzi Bankının faiz artıracağı gözləntiləri, ixracatçılardan xarici valyuta təklifinin artması və daxili statistikada müsbət xəbərlər rublun bu həftənin əvvəlində möhkəmlənməsinə səbəb olub. Hər şey yaxşı getsə, yaxın həftələrdə dollar 90 rubla kimi ucuzlaşa bilər. Son günlər rəsmi qurumların hərəkətləri və ritorikası avqustun ortalarında baş verənlərə bərabərdir. Hər iki vaxtda dollar/rubl məzənnəsi 100-ə yaxın olub. Bu, onu göstərir ki, bu səviyyə qırmızı xətdir, son dərəcə arzuolunmaz hesab olunur", - deyə o düşünür.
“Marja” yazır ki, sentyabrın 15-də keçiriləcək növbəti iclasda Rusiya Mərkəzi Bankı uçot dərəcəsini yenidən 2 bənd artıraraq 14 faizə qaldıra bilər. Bu, rubl əmanətlərinin cəlbediciliyini artıra, kreditləşməni yavaşlada, idxal və xarici valyutaya tələbi azalda bilər. Qeyd edək ki, 15 avqustda Rusiya Mərkəzi Bankı növbədənkənar iclasında uçot dərəcəsini illik 8,5%-dən 12%-ə qaldırıb. İxracatçılardan xarici valyuta təklifinin artması (neftin dünya qiymətlərinin artması fonunda Brent və Urals arasında endirimin azalması) və Rusiya Mərkəzi Bankı tərəfindən xarici valyuta satışlarının müvəqqəti artması, habelə idxalçılar və möhtəkirlərin valyuta tələbinin azalması rublu dəstəkləyir. Tserazov əlavə edib ki, Rusiya büdcəsinin profisitə qaytarılması, həmçinin VTB-nin rəhbəri Andrey Kostinin “rublla xaricə vəsaitlərin köçürülməsinə mümkün limitlərin tətbiqi” barədə təklifi Rusiya valyutasına əlavə dəstək verir. “Rublun bahalaşmasının qalıcı olub-olmayacağı rəsmilərin rublu dəstəkləmək əzminindən asılıdır. Əgər Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırılmış səviyyədə saxlasa, ixracatçılar kifayət qədər xarici valyuta tədarükünü saxlasalar və kapitalın xaricə çıxışını məhdudlaşdırmaq üçün əlavə tədbirlər görülsə, o zaman yaxın aylarda rublun məzənnəsinin daha da sabitləşməsinin şahidi ola bilərik”, - iqtisadçı hesab edir. Onun sözlərinə görə, yaxın bir neçə həftə ərzində bir dolların 90 rubla çatması tamamilə mümkün görünür.