BNA ləğv edilir: Hansı dəyişikliklər olacaq?
- 20-04-2023, 10:12
- İqtisadiyyat
- 0
- 186
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi”(BNA) publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynli BNA ilə bağı Fərmanın gözlənilən olduğunudeyib. O bildirib ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır. Belə bir vahid dövlət siyasəti, yəni vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir.
"Yaxın 3 ayda BNA ləğv ediləcək və onun səlahiyyətlərini, özü də bir qədər dəyişikliklərə məruz qalan səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri (təbii ki, başqa ad, məsələn, AYNA-nın departamenti adı altında) həyata keçirəcək.
Bundan sonra bəhs etdiyim vahidlik RİNN-in tabeliyində həyata keçirilməlidir. Lakin bu, hələ son deyil, çünki Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəsində təkmilləşdirmə işləri, yəni islahatla məşğul olmalıdır. Bu islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin konkret rolu, xüsusən yerli icra hakimiyyətlərinin və bələdiyyələrin rolu müəyyən olunmalıdır".
"Ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir. Burada dövlətin və özəl sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı və səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz", - deyə Ə. Hüseynli əlavə edib.