AZAL qiymətləri endirir? - Nazirlikdən açıqlama
- 5-04-2023, 15:30
- İqtisadiyyat
- 0
- 208
“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə bağlı aparılan islahatların əsas hədəflərindən biri məhz qiymətlərin optimallaşdırılmasıdır”.
Bunu Report-a müsahibəsində Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
R.Hümmətov hesab edir ki, AZAL-ın qiymətləri rəqibləri ilə müqayisədə o qədər də baha deyil:
“AZAL-ı öz sinfinə və xidmət kateqoriyasına uyğun şirkətlərlə müqayisə etsək, görərik ki, qiymətlər, əslində, göstərilən xidmətlərə mütənasibdir. Amma əlbəttə ki, biz də aviabiletlərin daha ucuz olması, AZAL-ın xarici vətəndaşları ölkəmizə daşıyan şirkətə çevrilməsi, Heydər Əliyev Hava Limanının beynəlxalq tranzit məkana çevrilməsi istiqamətində işlər aparırıq. Hazırda bu istiqamətdə aparılan müvafiq tədbirlərin nəticəsi olaraq artıq müştərilərə müxtəlif qiymətlərdə biletlər təqdim edilir. Populyar istiqamətlər üzrə qiymətlərə nəzər yetirsək, Bakı-Moskva bileti almaq istəyən sərnişinə “Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 135 avrodan, Bakı-Dubay istiqaməti üzrə AZAL ilə 133 avrodan, Bakı-İstanbul reysi üzrə “Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 114 avrodan başlayaraq seçim imkanı var.
Uzunmüddətli inkişaf strategiyasında təyyarə parkının yenilənməsi ilə yanaşı, qiymət siyasəti də nəzərə alınıb. Daha ucuz aviabiletlərlə bağlı AZAL tərəfindən müəyyən kampaniyalar keçirilir. 2022-ci ilin sonlarında AZAL 9 istiqamət üzrə 29 avrodan başlayan qiymətlərlə 10 min aviabileti satışa çıxarıb və bu kimi kampaniyaların gələcəkdə də baş tutması nəzərdə tutulur.
Onu da qeyd edək ki, AZAL tərəfindən sərnişin tutumu daha çox olan təyyarələrin alınması nəzərdə tutulub. Bu da, öz növbəsində, biletlərin qiymətinə təsir edəcək”.