Bakıda satılan çiyələyin qiyməti niyə belə ucuzdur?
- 5-04-2022, 16:00
- İqtisadiyyat
- 0
- 211
Bakı metro stansiyalarının qarşısında qalaq-qalaq və çiyələk dolu yeşiklər göz oxşayır.
Satıcılar çiyələyin 1 kiloqramını 2 manata təklif edir. Amma buna baxmayaraq, alıcılar ilin-günün bu çağında mövsümünə görə belə ucuz satılan çiyələk məhsullarının yanından düz keçir.
Aprel ayında çiyələyin belə ucuz satılmasına səbəb nədir?
Kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov “qaynarinfo”ya açıqlamasında bunun səbəbini ölkədə çiyələk yetişdirənlərin sayının çox olması ilə əlaqələndirib:
“İstehsalçılar düşünür ki, bazara böyük həcmdə çiyələk çıxacaq. Əslində 2 manat normal qiymətdir. Bir də baxır, kim onu necə və hansı şəraitdə yetişdirib. Onun məhsulunun maya dəyəri də neçəyə başa gəlirsə, ona uyğun qiymət təyin edilir.
Əslində, məhsulun qiymətini bazar müəyyən edir. Qoyduğu qiymət o demək deyil ki, ona sata biləcək. Çiyələk tez xarab olur. İndi alıcılıq qabiliyyəti də aşağıdır.
İnsanlar əsas kartof, soğan və südə üstünlük verir. Ağıllı sahibkarlar çalışır ki, məhsulu tez satsınlar. İndi çiyələk istehsal etmək əvvəlki kimi çətinlik törətmir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, məntiqlə aprel ayında kilosu 2 manata çiyələk olmaz:
“Bu, haradan gəlib, necə gəlib bunu artıq aidiyyəti orqanlar araşdırmalıdır. Ərzaqların və məhsulların küçədə satışı ilə bağlı müəyyən prosedurlar var. Onun istehsalı ilə bağlı arayış olmalıdır. Bu gün Rusiyaya mal göndərmək çətinləşib. Ola bilsin ki, Rusiya üçün nəzərdə tutulubmuş, xarab olmasın deyə tez-bazar satışa çıxarıblar”.