Rusiyaya qarşı sanksiyalar Azərbaycana necə fayda verə bilər?
- 4-03-2022, 10:21
- İqtisadiyyat
- 0
- 208
"Sanksiyalarla bağlı hərbi və enerji təyinatı olmayan bir çox Rusiya məhsullarının Azərbaycan üzərindən Qərbə satılması mümkündür".
Bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində çıxışı zamanı iqtisadçı Natiq Cəfərli bildirib.
Qərbin Rusiyaya qarşı sanksiyaları şərh edən iqtisadçı qeyd edib ki, böhranlar yaşandıqca, müəyyən fürsətlər də açılır:
"Təbii ki, yenidən ixrac (reexport -red.) imkanları da olacaq. Görünən odur ki, dolayı sanksiyalarla bağlı müzakirələr getmir. Qərb ölkələrinin özləri üçün də vacibdir ki, bir neçə kanallarla müxtəlif ticarət əməliyyatlarının aparılması üçün imkanlar qalsın.
Azərbaycan üçün logistika, reexport baxımından fürsətlər ola bilər. Hərbi və enerji təyinatı olmayan bir çox Rusiya məhsullarının Azərbaycan üzərindən Qərbə satılması mümkündür".
Millət vəkili Vüqar Bayramov bildirib ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrin sanksiyalar fonunda müəyyən imkan və fürsətləri olacaq:
"İmkanlar olacaq. Məsələn, aviasiya ilə bağlı Azərbaycanın hava məkanından daha çox istifadə olunma ehtimalı var. Bu da gəlirlərimizə təsir edəcək. Rusiyanın sanksiyaya qoşulduğu ölkələrdən aldığı məhsulların bir hissəsinin Azərbaycan iş adamları və fermerləri tərəfindən Rusiyaya ixrac edilməsi imkanları da var. Bu baxımdan da fürsətlər yaranır".
Vüqar Bayramov eyni zamanda qeyd edib ki, əgər Rusiya iqtisadiyyatı kəskin zəifləyəcəksə, bu imkanların, fürsətlərin sayı çox olmayacaq".