Messinin atası "Barselona"nın prezidenti ilə razılığa gələ bilmədi
- 3-09-2020, 09:53
- İdman
- 0
- 319
İspaniya "Barselona"sının prezidenti Xosep Bartomeu ilə komandanın kapitanı Lionel Messinin atası Xorxe Messi arasında gözlənilən görüş baş tutub.
Report xəbər verir ki, söhbət zamanı 57 yaşlı funksioner futbolçunun klubda qalmalı olduğunu bildirib.
Yeni baş məşqçi Ronald Kumanın argentinalı hücumçuya böyük ümidlər bəslədiyini deyən Bartomeu Messiyə 2 illik müqavilə təklif etmək istədiklərini söyləyib.
X.Messi isə öz növbəsində oğlunun komandadan gedişi ilə bağlı rəhbərliklə razılıq əldə etməyə çalışıb. Amma tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Görüşdə sözügedən şəxslərlə yanaşı, "Barselona"nın meneceri Xavyer Bordas, Messinin qardaşı Rodriqo və vəkili Xorxe Pekur da iştirak ediblər.
Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə razılaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.