Главная > Hadisə > Əməkdar jurnalist öz ad günündə vəfat etdi - FOTO
Əməkdar jurnalist öz ad günündə vəfat etdi - FOTO18-11-2020, 15:30. Разместил: admin |
Tanınmış nasir, publisist, əməkdar jurnalist Əli İldırımoğlu vəfat edib. Modern.az xəbər verir ki, noyabrın 17-də 93 yaşını qeyd edən Ə. İldırımoğlu elə öz ad günündə dünyadan köçüb. Xatırladaq ki, Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olub. O, orta məktəbin VIII sinifdə oxuyarkən 1941-1945-ci illəri əhatə edən Böyük Vətən Müharibəsi başlayır. VIII-IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırıb. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirilən X sinfə keçirir. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçir və həmin orta məktəbi müvəffəqiyyətlə bitirir. Müharibənin gedişi ilə əlaqədar olaraq, həmin illərdə kəndlərdə müəllim qıtlığı yaranır. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilib. Kursu bitirdikdən sonra 1941-1942-ci dərs ilində ilk dəfə olaraq müsahibimiz Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlayır. Ə.İldırımoğlu 1946-cı ilə qədər Qubadlının Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində müəllim işləyib. Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə isə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib. O, Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzrə müavini vəzifəsini də icra edib. 1951-ci ildən rayon Maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışıb. 1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər isə Ə.İldırımoğlu "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan, Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərib. Allah rəhmət eləsin! Вернуться назад |