DİN-in general-mayoru vəfat etdi
- 21-10-2020, 10:27
- Hadisə
- 0
- 309
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.
Oxu.az xəbər verir ki, 59 yaşlı Emin Şəkinskinin səhhətində problemlər olub.
Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.
1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb.
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləyib, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
2016-cı ilin iyunun 15-də o, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.
O, 30 iyun 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan polisi günü münasibətilə, Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə, Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində və xidməti vəzifələrin yerinə yetirilməsində şücaət və igidlik göstərdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.