Azərbaycanda təbiət hadisəsi - Boz ay başladı
- 21-02-2024, 12:12
- Hadisə
- 0
- 82
Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə geridə qaldı.
Xalq təqviminə görə, dekabrın 22-dən başlayan qış fəslinin “oğlan çağı” - 20 günlük Kiçik çillə fevralın 21-nə keçən gecə başa çatıb.
Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq.
Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.
Qeyd edək ki, Azərbaycana bu il yaz fəslinin daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək.
Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək.
Fevralın 27-də ilk - Su çərşənbəsi, martın 5-də Od, martın 12-də Yel, martın 19-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.
Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir...