Azərbaycanda ayı parçaladığı deyilən uşağın atası: “Suallara cavab verilməməsi bizdə şübhələr yaradır” — FOTO
- 17-09-2020, 12:20
- Hadisə
- 0
- 367
Bu il mayın 22-də Oğuz rayonunda itkin düşən uşağı ayının parçalaması xəbəri cəmiyyətdə sarsıntı yaratdı və bunun ardınca 13 yaşlı Cəbrayılın meyitinin sadəcə alnında bir yarıqla tapılması haqlı suallara səbəb oldu.
Fotolarda onu ayının parçalamadığı görünsə də, istintaq meyitin tapıldığı gün açıqlama yayaraq, uşağın alnındakı izin ayı pəncəsinə xarakterik olduğunu bildirdi.
İndi isə 13 yaşlı Cəbrayıl Məmmədlinin ailəsi istintaqın gedişatından və nəticəsindən narazıdır.
Mərhum uşağın atası Vüsal Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mayın 21-də axşamüstü təxminən saat 19:30-da oğlu Cəbrayılı su arxına göndərib ki, suyun axınını onların bostanına doğru yönləndirsin:
“Həmin yer kənddən də görünür. Təxminən 40 dəqiqə sonra gördüm uşaq gəlmir, özüm ora getdim. Arxdan bir az aralıda, dərin qaranlıq yerdə velosipedini tapdım, amma uşaq yox idi. Bir az ətrafı gəzib axtardım, oğlumu çağırdım, amma tapa bilmədim. Cəbrayıl ora bir neçə dəfə gedib, heç vaxt velosipedini dərin yerə qoymayıb. Həmişə velosipedi yolun kənarına qoyub suyun axınını dəyişib qayıdırdı. Gecə qonşularla uşağı axtardıq, tapa bilmədik.
Amma elə həmin gecə, hələ uşaq tapılmadan əvvəl kənddə söz-söhbət yayılmışdı ki, Cəbrayılı ayı parçalayıb. Həmin vaxt mən güman edirdim ki, uşaq oruc olduğu üçün aclıqdan meşədə haradasa huşunu itirib. Bu söhbəti kimin yaydığını bilmədim. Səhər saat təxminən 9 radələrində iki qonşumla birgə polis əməkdaşı oğlumun meyitini tapdı. Həmin yer velosipedin tapıldığı yerdən 1 760 metr aralıda, meşənin içindədir. Cəbrayıl orada suyun içindən tapılıb. Uşağın boynunda göyərti izi var idi, bir də alnında kəsik.
Bədəninin başqa heç bir hissəsində cızıq belə olmayıb. Onun meyiti tapılanda qaloşları yox idi. Mən səhəri gün müstəntiqə dedim ki, niyə bununla maraqlanmadınız? Cavab verdi ki, 50 metr radiusda axtarış aparılıb. Kənd adamları ilə gedib ərazini axtardıq, qaloşun birini həmin yerdən təxminən 80 metr aralıdan tapdıq. Mən kənd adamlarına dedim ki, qaloşa əl vurmayın, polisə xəbər verdik.
Sonra kənd sakinləri dedi ki, həmin yerdən bir az aralıda qanlı daşlar və qaloşun digər tayını tapıblar. Sivri və qanlı olan daşın biri də kənara, kolun dibinə atılmışdı. Həmin kol qırılmışdı və üstündə qan var idi. Bir dənə də qanlı ağac parçası tapıldı. Prokurorluqdan ora heç kim gəlmədi, polis əməkdaşları gəlib daşları, ayaqqabıları aparıb ekspertə verdi. Daşlar tapılan yer də tam qumluqdur, orada baş izinə oxşar balaca çökəklik, bir də 2-3 metrlik çaya doğru sürütmək izi var idi.
Sonra mən prokurorluğa gedib dedim ki, niyə gəlib hadisə yerinə baxmırsınız?! Sübutları biz tapıb, sizə veririk. Ekspertiza rəyini bizə 50 gündən sonra dedilər. Onda da dedilər ki, uşağın ölümündə insan izi aşkarlanmayıb, onu vəhşi heyvan öldürüb”.
V.Məmmədov qeyd edib ki, ekspert rəyində və istintaqın yekun qərarında məntiqə sığmayan ehtimallar var:
“Ekspertin rəyinə görə, vəhşi heyvan qəfildən Cəbrayılın qarşısına çıxıb, o da velosipedi qoyub meşəyə doğru 2 kilometr qaçıb və ayı, ya da digər vəhşi heyvan onu qovub.
Həmin ərazi sıx kolluqlu meşədir, mən özümü qoruyaraq oradan keçəndə belə qollarım cızıq-cızıq olur. Amma Cəbrayılın qollarında, qıçında cüzi iz belə yoxdur. Ayının iki kilometr qovduğu uşaq necə o sıx kolluqdan cızıqsız keçə bilərdi? Onların rəyinə görə ayı, ya da digər vəhşi heyvan uşağı qovub, çayın qırağında üzündən zərbə vurub, uşaq yıxılıb başı daşa dəyib və huşunu itirərək çaya düşüb. Orada isə ciyərlərinə su getdiyi üçün ölüb. Uşağın ölüm səbəbi kimi çayda boğulması göstərilib.
12 yaşlı uşağı ayı pəncəsi ilə sifətindən vursa, onun üzü dağılar, ayının pəncəsində cəmi bir dırnaq olmur. Həmin kəsiyin kənarında digər dırnaqların izləri olardı. İstintaq da deyir ki, Cəbrayılın alnındakı çapıq heç bir alətin izinə oxşamır. Ayı vəhşi heyvandır, ya insan görəndə qorxub qaçır, ya da parçalayır. Bu necə olur, hansı məntiqə sığır ki, ayı uşağı 2 kilometr qovub, sonda da alnından bir zərbə vurub çıxıb gedir?”
Mərhumun atası bildirib ki, onun konkret olaraq şübhələndiyi adam yoxdur:
“Amma düşünürəm, orada hansısa bir hadisə ola bilər. Kimsə hansısa bir xəlvət iş görə bilər ki, uşaq gəlib onun üstünə çıxar və görər. Bunu kiməsə deməməsi üçün nəsə edə bilərlər. İstintaqın gedişatındakı laqeydlik və açıq qalan suallarımıza cavab verilməməsi bizdə suallar və şübhələr yaradır”.