Главная > Gündəm / Təhsil > Tariximizə həkk olan “Xarıbülbül musiqi festivalı”-Xalq bayramı
Tariximizə həkk olan “Xarıbülbül musiqi festivalı”-Xalq bayramı17-05-2021, 13:25. Разместил: admin |
Bugünkü şəraitdə hər bir universitetin uğurlu fəaliyyəti öz əlindədir. Adambaşına maliyyələşmə prinsipinin tətbiqi, tələbə qəbulu planının müəyyənləşdirilməsində universitetlərin rəyinin əsas götürülməsi, bu gün ali məktəblərə beynəlxalq əməkdaşlıq, yaradıcı layihələr üçün gözəl şəraitin yaradılması universitetlərə öz fəaliyyətini yeni relslər üzərində qurmağa imkan verib. Bakı Slavyan Universitetinin özünəməxsus fəaliyyəti həm də onun yaranış tarixi ilə bağlıdır. Öncə onu deməliyik ki, 1946-cı ildən fəaliyyət göstərən Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universiteti yaradılmışdır. Bu gün Bakı Slavyan Universitetinin Bolqarıstan, Yunanıstan, Polşa, Çexiya, Belarus, Ukrayna, Rusiya və digər ölkələrin universitetləri ilə sıx əlaqələri, o cümlədən, tələbə-müəllim mübadiləsi mövcuddur; bu ölkələrin universitetləri ilə birgə beynəlxalq tədbirlərin keçirilməsinə, idarəetmə və tədrisdə elektron fəaliyyətin tətbiqi məsələlərinə son dövrdə daha çox diqqət verilir. Həyata keçirdiyimiz tədbirlərin əsas məqsədi bugünkü gəncliyi kamil vətəndaşlar kimi formalaşdırmaq, onların yiyələnəcəkləri peşəyə dərindən bələd olmalarına şərait yaratmaqdır. ****** Mədəniyyətimizin rəmzi, paytaxtı, Azərbaycan musiqisinin beşiyi Şuşa şəhərində tarixi “Xarıbülbül musiqi festivalı” əbədilik xalqımızın həyatına həkk edildi. Azərbaycan heç bir zaman belə möhtəşəm Ramazan bayramı yaşamamışdı. Azərbaycan heç bir zaman xalqın ürəyinin alovundan, odundan vulkan kimi püskürüb alışan, düşmənlərimizin ürəyinə od salan belə atəşfəşanlıq görməmişdi. Azərbaycan festivalı tarixin heç bir dönəmində düşmənin yaralarına belə duz basmamışdı. Azərbaycan heç bir zaman dostlarımızın ürəyindən bu qədər tikan çıxartmamışdı. Şuşada keçirilən “Xarıbülbül musiqi festivalı”nda seçilib səslənən bu ilahi bəstələr, ifalar sanki sıldırım qayaların, zümrüd meşələrin, yaşıl dərələrin rübabının öz səsi idi! Vaqifin, Natəvanın intizarının, hicranının son sətirləri idi! Üzeyirin, Bülbülün həsrətinin, kədərinin son akkordları idi! Bu festival bir qərinəyədək hər bir azərbaycanlının ürəyində qaysaq bağlanmış yaraların məlhəmi idi! Ölkənin hər bir vətəndaşının qəlbindən qopan sevinc, səadət, xoşbəxtlik hayqırtıları idi! Xarıbülbülün özünün bəstələdiyi şikəstəsi idi! Bu ağlasığmaz tədbiri seyr etdikcə gözlərimizdə sevincdən şəlalələrə çevrilib çağlayan suların gurultusu idi! Başı buludlara dəyən Şuşa dağlarındakı ürəyimizin əks-sədası idi! Nə qədər böyük eşqi, həsrəti varmış ürəklərdə mədəniyyətimizin rəmzi olan bu şəhərin! Polad Bülbüloğlunun nəğməsində səslənən “Gəl, ey səhər!” sətirləri Şuşalı qəlbimizin qəmdən, kədərdən azad vüsal nəğmələrinin sevincinə qoşuldu! Müzəffər Azərbaycanımızın səadətinə şahidlik etdi. Dühası ilə xoşbəxtliyimizin təməlində əbədilik kəsb etmiş Ulu Öndərimizin ruhunun Şuşa səmalarında pərvaz etdiyi kimi! Bu səadəti canları, qanları ilə millətə yaşadan şəhidlərimizin müqəddəs xatirəsi kimi!And yerimiz olan rəşadətli Ordumuzun igid oğulları kimi! Bu bayramı göz yaşları axıtmadan izləmək iradəmizdən xaric idi... Tarixin qızıl səhifələrinə yazılacaq bu festival Azərbaycanın qüdrətli, hünərvər, zəkalı, dühalı igid Prezidentinin ovxarlı qılınc kimi iti ağlının barıdır! Onun 17 ildən artıq dünya diplomatiyası ilə comərd mübarizəsinin ədalətli yekunudur. Azərbaycan Prezidentinin öz xalqına yaşatdığı bu qürurun, iftixarın, şərəfin bayramıdır! 44 günlük Vətən uğrunda gedən və böyük Zəfərlə nəticələnən savaşın Qalibiyyət marşıdır! Bu bayram Ulu Tanrının bütün Azərbaycana əta etdiyi böyük məhəbbətin lütfüdür! İllərlə ağlar qalmış Şuşamızın sevincdən, bəxtiyarlıqdan açılan ikinci nəfəsidir! Zehinlərdə əbədi yaşayacaq, ürəklərin sarı simində çalınacaq milyonların unudulmaz şərqisidir! Qoy bütün dünya Azərbaycanın ləyaqətini, mədəniyyətini, qalibiyyətini indi də “Cıdır düzü”ndən izləsin! Qoy yaman gözləri, qısqanc nəfəsləri, həsədli baxışları qaytaran möcüzəli üzərlikdən tonqallar qalansın! Qoy bu gün “Yuxarı Gövhər Ağa”, “Şuşa məscidi”ndən ziyarətlər, namazlar, ibadətlər həyatımızı bəlalardan hifz edən böyük Tanrıya inamımızı, onun ədalətinə şükranlığımızı səmalara ucaltsın, müqəddəs ünvana çatdırsın! Qoy bu bayram namazları məşəqqətdən, işğaldan azad torpaqlarımızı Böyük Yaradanın pənahında saxlasın! Xoşbəxt Şuşamızın dünyada misli-bərabəri olmayan əfsanəvi gözəllikləri qoynunda, atanın möhtəşəm vəsiyyətini həyata keçirmiş xoşbəxt Prezidentimizin təşəbbüsü ilə keçirilən “Xarıbülbül musiqi festivalı” milyonlarla izləyicilərini sehirləyən, bütün dünyanı heyrətə salan qeyri-adi bir təxəyyülün təntənəsi idi! Bu panarama yaradıcı insan fantaziyasından çox-çox yüksəkdə duran ilahi düşüncənin məhsulu idi. İnsan baxdıqca riqqətə gəlir, bu inanılmaz möhtəşəmliyin xəyalmı, doğrumu olduğunu ayırd edə bilmirdi. “Cıdır düzü”ndə zümrüddən tökülmüş ucu-bucağı görünməyən möhtəşəm bir zal!... Sevincdən və riqqətdən gözləri yaşla dolmuş iştirakçılar, - incəsənət, siyasət adamları, xarici qonaqlar... Ön cərgədə bu tarixi möcüzənin, xoşbəxtliyin, qüdrətli, istedadlı qəhrəman müəllifi, Cənab Prezidentimiz, sağ tərəfində uzun illər zərif çiyinlərini böyük çətinliklərə dayaq vermiş, ən ağır məqamlarda insanlarımızın ümid, güvənc yeri, Azərbaycan milli-mənəvi dəyərlərinin hamisi, nəcib əməlləri ilə milyonların məhəbbətini qazanmış xanım Mehriban Əliyeva, onun övladları, incəsənət xadimləri, - məhəbbətdən, riqqətdən, bəxtiyarlıqdan, qarışıq duyğulardan yerə-göyə sığmayan insanlar!... Bu, bir röya idimi, yoxsa əfsanəvi həqiqət?! Bu yuxunu xalqımız bəlkə 30 il ərzində hər gün, hər gecə görürmüş? Sonra da bu xəyalın arzusu ilə ürəklər göynəyirmiş?! Yox, bu röya deyil, bu, böyük düha sahibi olan möhtərəm, əziz Prezidentimizin inanılmaz qüdrətinin öz xalqına, millətinə, Vətəninə, Dövlətinə sahilsiz məhəbbətinin lütfüdür! Onu ürəkdən sevən milyonların sarsılmaz sevgi kimi çağlayan qəlblərinin simfonyasıdır! İllərlə ürəklərdə sırınsımış zəhərin zərərsizləşdirilməsinə çarə edən iksirdir! Bu festival qəlbimizdəki mətləblərin, inamların qarşısına nida işarələri qoydu!!! Biz qalib ölkənin əhalisiyik! Biz mütərəqqi Dövlətin vətəndaşlarıyıq! Biz öz milli ləyaqətini qorumaq uğrunda canından keçməyə hazır olan xalqın övladlarıyıq! Biz Qarabağ torpaqları uğrunda, doğma Azərbaycanımız uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin qardaşlarıyıq! “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” bu anda sadiq Prezidentimizin nurlu əməllərini həyata keçirməyə hazır olan gənclər ordusunun nümayəndələriyik! Biz Vətənimiz Azərbaycanın tərəqqisi, inkişafı və yüksəlişi naminə Dövlətimizin və möhtərəm Prezidentimizin ideyaları uğrunda, bu ideyaları həyata keçirmək naminə biliyimizi, bacarığımızı, gücümüzü həsr etməyə hazır olan qüdrətli bir ordunun sədaqətli, vətənpərvər əsgərləriyik! Bizim qürurla tamaşa etdiyimiz “Xarıbülbül musiqi festivalı”nın sədaları qulaqlarımızda ömürlük qalacaq: Biz Bakı Slavyan Universitetinin 1000 nəfərdən artıq könüllüləri o gözəl nəğmələri qəlbimizdə həyatımızın himni kimi hər zaman səsləndirəcəyik: Sənə qurban canımız, Azərbaycan elləri!... Вернуться назад |