Главная > Gündəm / Cəmiyyət > AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib
AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib5-11-2022, 12:40. Разместил: admin |
Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-də 4 000, bu il martın 16-da 4 065 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 15 minə yaxın aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb. Bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid və qazi ailələri də daxildir. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər. Вернуться назад |