Главная > Gündəm / Cəmiyyət > Ramiz Nurullayev: Rizə - Artvin Hava Limanının açılışında Prezident İlham Əliyevin iştirakı iki dövlət arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasına bariz nümunədir

Ramiz Nurullayev: Rizə - Artvin Hava Limanının açılışında Prezident İlham Əliyevin iştirakı iki dövlət arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasına bariz nümunədir


17-05-2022, 12:26. Разместил: admin
Ramiz Nurullayev: Rizə - Artvin Hava Limanının açılışında Prezident İlham Əliyevin iştirakı iki dövlət arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasına bariz nümunədir


Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev - Dünyada ikinci belə yaxın münasibətlər toplusu yoxdur ki, onu Türkiyə - Azərbaycan münasibətləri ilə müqayisə etmək mümkün olsun. Eyni zamanda qan, dil, din və mənəvi dəyərlərin birləşdirdiyi, həm də dövlətlərarası əlaqələrin bir millət, iki dövlət səviyyəsinə ucaldığı ikinci bir nümunə mən təsəvvür edə bilmirəm. Qan, dil, din və mənəvi dəyərləri bir olan dövlətlər vardır ki, siyasi, iqtisadi, hərbi və sair maraqlar ucbatından bir-birilərinə düşmən kəsilib. Biz isə dünyada analoqu olmayan qardaşlıq nümunəsi ortaya qoymuşuq. Biz qardaşıq, dostuq və mütəffiqik. Bir il öncə imzalanmış “Şuşa Bəyannaməsi” ilə biz dövlətlərimizin milli maraqlarını və strateji hədəflərini birləşdirmişik.

Vətən Müharibəsində Bakı küçələrində dalğalanan türk bayraqları heç də təsadüfi deyil idi. Müharibənin ilk dəqiqələrində Türkiyənin və Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi dəstəyi üzərimizə gələn və gəlməyə çalışan bütün hücumların qarşısını aldı. Biz bərabər və ədalətli döyüş meydanında düşməni məhv etdik. Məhz bu və digər amillərə görə Azərbaycan xalqı türk qardaşlarının dəstəklərini heç vaxt unutmayacaqdır. Yüz il əvvəl olduğu kimi yenidən verilən dəstək öz əhəmiyyətli nəticəsini verdi. Bu gün Azərbaycan və Türkiyə regionda yeni reallıqların fövqündə yeni siyasi gedişlərini edirlər. Azərbaycan və Türkiyə arasında “Şuşa Bəyannaməsi” və bir millət iki dövlət fəlsəfəsinin rəsmi müstəvidə təzahürü də regionumuzda formalaşan yeni reallıqlardan irəli gəlir.

Təxminən bir il əvvəl Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləndə Türkiyə Respublikasının Prezidenti birbaşa Füzuliyə uçmuş və oradan da Şuşaya getmişdi. Bu gün Türkiyə şirkətləri Qarabağı yenidən inşa edirlər, bəzi binaları təmir edirlər, həyatın bərpa olunmasında yaxından iştirak edirlər. Bu, bir tərəfdən münasib təkliflər nöqteyi-nəzərindən Azərbaycana xeyirdirsə, digər tərəfdən maliyyə imkanlarının kənara çıxmaması baxımından Türkiyə şirkətlərinə böyük dividentlər gətirir. Yaxşı xatırlayıram ki, “Əsrin müqaviləsi” neft kontraktı imzalanarkən və daha sonra Bakı-Tiflis-Ceyhan boru xətti çəkilərkən Ulu Öndər Heydər Əliyev var gücü ilə çalışmışdı ki, Türkiyə proseslərdən kənarda qalmasın. İndi isə dövlət başçısı, Prezident İlham Əliyev atalarımızdan bizlərə miras qalan qardaşlığımızı qoruyub saxlamaq üçün bütün mümkün və bəzən isə imkansız hesab olunan addımları tərəddüdsüz atmaqdadır.

Rizə-Artvin Hava Limanının açılışında cənab Ərdoğanla yanaşı cənab İlham Əliyevin iştirak etməsi və ilk xarici ölkə dövlət başçısı kimi açılışı həyata keçirməsi iki dövlət arasında qardaşlıq münasibətlərinin hansı yüksək zirvədə olmasına işarədir. Rizə və Artvin vilayətləri həm də Gürcüstan vasitəsi ilə Türkiyənin əsas şəhərlərinə gedən avtomobil yollarının üzərində yerləşir. Yükdaşımalarında böyük iqtisadi əhəmiyyətə malik hava limanı Azərbaycanla iqtisadi əlaqələrin daha da yüksəlməsinə xidmət edəcəkdir. Bakıdan qalxan təyyarələrin birbaşa Qaradəniz sahillərinə enməsi özü də strateji əhəmiyyətə malik hadisədir. İstənilən bölgədə hava limanı tikmək olar. Lakin bu, o demək deyil ki, o hava limanı rentabelli olacaqdır. Beynəlxalq statuslu hava limanları üçün mütləq həmin regionun iqtisadi potensialı yüksək olmalıdır. Azərbaycanla dərhal hava yolu reysləri açılmalıdır. Əgər regional əməkdaşlığa Ermənistan töhfə verməsə, biz bu yolla onu daha da dalana dirəmək imkanları qazanacağıq.

Dəliqanlı, millətçi və türkçü qaradənizlilərin arasında Azərbaycan sevdalıları da az deyildir. Onların da bu hava yolu vasitəsi ilə qısa zamanda Azərbaycana - Qarabağa, Şuşaya gəlmələrinin də önü açılmış oldu. Əlbəttə, heç bir mənəvi dəyəri iqtisadi mənfəətlə müqayisə etmək olmaz. Lakin mənəvi dəyərlərin yaratdığı müsbət iqtisadi saldonu da dəyərləndirmək müasir dünya iqtisadiyyatının tələbidir. Bir sözlə, Qaradəniz bölgəsində hava limanının açılması Türkiyənin daxili bazarında nəqliyyatın inkişafına səbəb olmaqla yanaşı Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə də müsbət təsir edəcəkdir.

Prezident İlham Əliyevin Prezident Ərdoğan tərəfindən hava limanında qarşılanması və səhnəyə əl-ələ çıxması tarixi hadisədir. “Qafqazların ulduzu və Azərbaycanın güclü lideri, dost və qardaş ölkənin Prezidenti, Qarabağ zəfərinin memarı” kimi adlarla cənab Prezidentin şanla, şöhrətlə təqdim olunması Azərbaycan Prezidentinin qardaşlıq ruhuna verdiyi töhvənin aydın nəticəsidir. Dəqiqələr boyunca dövlət başçısının alqışlanması cənab İlham Əliyevin özündə də xoş bir aura formalaşdırmışdır. Sözlərini ara-sıra kəsən xoş sözlər Azərbaycan Prezidentinin qardaş ölkədə malik olduğu möhtəşəm nüfuzundan xəbər verir. Əsas məsələ ondan ibarətdir ki, bu nüfuz sadə xalq kütlələrin qəlbində formalaşmışdır. Hər zaman müdafiə etdiyim bir tezis vardır ki, Azərbaycan-Türkiyə münasibətləri xalqların təkidli tələbidir ki, hakimiyyətlər bu tələblərdən irəli gələn işləri ləyaqətlə icra edirlər.

Prezident İlham Əliyevin “mən qardaşımın məmləkətindəyəm, elə bil öz evimdəyəm” fikrini səsləndirməsi dövlətlərarası münasibətlərdə lider faktorunun əhəmiyyətini ifadə edir. II Qarabağ Müharibəsində əldə olunan zəfəri iki qardaş xalqın ortaq zəfəri adlandırması cənab İlham Əliyevin müdrik siyasi xadimliyinin təzahürüdür. Prezidentin Rizənin gözəl təbiəti ilə tarixə bəxş etdiyi ən böyük türk liderlərdən biri olan Rəcəb Tayyib Ərdoğanı müqayisə etməsi də rizəlilərin qəlbində dövlət başçımıza qarşı böyük sevgi hissi yaratmışdır. Bütün siyasi manevrlərdən uzaq, qardaşlıq hisslərinin və duyğularının hökm sürdüyü Rizə-Artvin Hava Limanının açılışını Azərbaycan-Türkiyə münasibətlərinin yenidən canlanması, şahlanması və özünün kulminasiya nöqtəsinə çatması kimi qiymətləndirmək olar. Dünyada qardaş ölkələrin belə tez-tez iqtisadi maraqlar naminə düşmən olduğu bir mərhələdə qardaşlığımızın var gücü ilə davam etdiyini vaxtaşırı dosta da, düşmənə də xatırlatmaq lazımdır. Rizə-Artvin Hava Limanının açılışı belə bir gözəl hadisəyə də səbəb oldu.

Yaşasın ulu köklərə malik Türkiyə-Azərbaycan qardaşlığı!



Вернуться назад