Heydər Əliyev: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”
Heydər Əliyev: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”
“Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.”
Tarixin yaratdığı elə şəxsiyyətlər olur ki, onlar həyat və fəaliyyətləri ilə dövlətin inkişaf yolunu müəyyənləşdirir, mənsub olduğu xalqın, millətin tarixini yazırlar. Belə nadir şəxsiyyətlərdən biri də görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər titanik fəaliyyəti, dərin zəkası və dövlətçilik sahəsindəki zəngin təcrübəsi ilə dünya səviyyəli nəhəng siyasət adamı kimi məşhurlaşmışdır. Məhz onun adı Azərbaycan xalqının rəmzinə çevrilmiş, keçdiyi şərəfli və mənalı ömür yolu nəsillərə örnək olmuşdur.
Xalqımızın böyük oğlu, görkəmli siyasətçi respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsasını müəyyənləşdirmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Təsadüfi deyil ki, ümummilli liderimiz çox-çox sonralar respublikamıza rəhbərlik etdiyi həmin illəri xatırlayaraq o zaman hər hansı bir işi görərkən məhz Azərbaycanın bugünkü müstəqilliyini düşündüyünü etiraf etmişdir.
Ümummilli lider Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən zəngin səhifələrini təşkil etmişdir. Həmin illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmağa başlanmışdır. Bütövlükdə isə 1969-1982-ci illər Azərbaycanda xalq təsərrüfatının sürətli inkişaf və tərəqqi dövrü kimi tarixə düşmüşdür. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində həmin illərdə Azərbaycan geridə qalmış aqrar respublikadan sürətlə inkişaf edən aqrar-sənaye respublikasına çevrilmişdir. Bununla yanaşı, sənayenin aparıcı istiqamətlərindən sayılan neft və kimya sahələrində əmtəə dövriyyəsi xeyli artmış, respublikamızda iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, mövcud potensialdan səmərəli istifadə edilməsi nəticəsində Azərbaycanda iqtisadi fəallıq xeyli artmış, respublikamız bir sıra məhsulların istehsalına görə Sovet İttifaqında qabaqcıl yerlərə çıxmışdır. Dahi liderin səyləri nəticəsində Azərbaycan, eyni zamanda, keçmiş İttifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdır. Sənaye obyektlərinin sayı artırılmış, məhsul istehsalının həcmi yüksəldilmiş, kənd təsərrüfatı sahəsində sürətli inkişaf əldə edilmişdir. Bütün bunlar, heç şübhəsiz, mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi və yenidən qurulması zərurətini yaratmışdır. Xatırladaq ki, həmin müddətdə respublikada yolların uzunluğunun 1,2 dəfə artması ilə yanaşı, yük gərginliyi 1,5, hərəkətin intensivliyi isə 2 dəfə çoxalmışdır.
Ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycanın çətin günlərində xalqımız müdrik qərar qəbul edərək yenidən Heydər Əliyevi ali siyasət kürsüsünə dəvət etdi. Azərbaycanı üzləşdiyi siyasi xaosdan, dərin iqtisadi böhrandan xilas etmək kimi son dərəcə çətin və şərəfli missiyanı üzərinə götürən ümummilli lider Bakıya qayıtdı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Ümummilli lider bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətdə saxlayırdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində bu sektorun inkişafı məqsədilə struktur dəyişiklikləri aparıldı, 1998-ci il avqustun 5-də Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təsis edildi, 2003-cü il iyun ayının 23-də isə nazirliyin tabeliyində “Yolnəqliyyatservis” Departamenti yaradıldı. Respublika və yerli əhəmiyyətli avtomobil yolları adıçəkilən departamentin balansına götürüldü, onun tabeliyinə verilən yol istismar idarələrinin fəaliyyəti genişləndirildi. Beləliklə, yol təsərrüfatının inkişafında yeni mərhələ başlandı.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə respublikamızın həyatında, xalqımızın taleyində elə bir əzəmətli rol oynamışdır ki, bu, əsrlər boyu unudulmayacaqdır. İndi müstəqil Azərbaycanda həyatın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin gərgin əməyinin, parlaq zəkasının izləri hiss olunmasın.
Hazırda Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ölkə başçısı cənab İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, eləcə də regionların inkişafında müstəsna rol oynamışdır. Bu gün müstəqil Azərbaycan sürətli və dinamik inkişaf yolunda inamla irəliləyərək regionun lider dövlətinə çevrilmiş, həm də dünya miqyasında böyük nüfuz qazanmış, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınmış, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təminatçıları sırasında öz yerini tutmuşdur. Ölkə həyatının bütün sahələrini əhatə edən yeniləşmə və müasirləşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir. Son 17 il ərzində Azərbaycan iqtisadiyyatı 5,4 dəfə artmışdır ki, bu da analoqu olmayan inkişaf tempi kimi bütün dünyanın diqqətini cəlb etmişdir.
Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır. Ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan, bu siyasətdən qaynaqlanır. Ulu öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən, onu daha zənginləşdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Məhz bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son illər paytaxt Bakıda, eləcə də regionlarda vəziyyət kökündən dəyişmiş, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər sözügedən sahənin yeniləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır.
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Buna nail olmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
Bakı şəhərinin və onun qəsəbələrinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, müvafiq dövlət proqramlarının icrası nəticəsində paytaxtın yol infrastrukturundakı problemlərin böyük hissəsi öz həllini tapmışdır. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.
Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib. Yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəklər.
Nizami müəllim
Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi