Azərbaycanda təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir
Mehriban xanın Əliyeva: Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnməli, dünya təhsil sisteminə inteqrasiya olunmağı bacarmalıdır.
2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Fond bununla yanaşı, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etməyi, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsini təbliğ edən, Onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanaraq həyata keçirilməsidir.
Təhsil millətin gələcəyidir... Dahi Şəxsiyyət tərəfindən səsləndirilən bu fəlsəfi fikir dərin tarixi təcrübəyə, ciddi arqumentlərə əsaslanır... Əlbəttə ki, nümayəndələri savadlı olmayan bir xalqın birmənalı olaraq gələcəyi sual altında olur... Bu baxımdan təhsili millətin, dövlətin gələcəyinə nur saçan işıq, uğurlu zirvələrə daşıyan yol adlandırsaq yanılmarıq... Ən azından ona görə ki, bizdən 8 saat tez yuxudan duran və dünyanı insanabənzər robotları ilə heyrətləndirən, bu gün dünya güclərini qarşı-qarşıya qoyan strateji təbii ehtiyatlara malik olmayan yaponlar qurduqları ölkə ilə dünyanın ən güclü dövlətləri sırasında yer alıblar. Nəyin hesabına? Əlbəttə ki, yalnız təhsilin... Bununla da, bir az öncə söylədiyimiz fikri bir daha əsaslandırmış oluruq.
Hələ ötən əsrin 60-cı illərinin sonundan başlayaraq, Azərbaycanda intellekt sahibləri Ümummilli lider Heydər Əliyevin dəstəyinə arxalanaraq elm, təhsil resurslarını hərəkətə gətirə biləcək keyfiyyət ünsürlərini üzə çıxardılar. Dövlətin gələcəyi olan gənclər isə sovet imperiyasının müxtəlif nöqtələrində məşhur təhsil ocaqlarında təhsil almağa göndərildilər... Beləliklə, müasir, müstəqil, savadlı nümayəndələri olan Azərbaycan xalqının güclü dövlətinin konturları cızılmaqda idi...
Təbii ki, tarixi zənginliyi, dövlətçilik təcrübəsi ilə ali xalqlar içərisində yer alan xalqımızın həyatının bütün mərhələlərində cəmiyyətin “qaymağı” sayılmış təbəqələri olub. Onlar sahib olduqları intellektual keyfiyyətlərlə xalqı müstəqil dövlətçilik, azadlıq, hüquqlarının müdafiəsi uğrunda mübarizəyə hazırlayırdılar. Amma bu ziyalıları müdafiə edəcək “güclü əl” yox idi. Respublikanın antimilli qüvvələr tərəfindən idarə olunması isə vəziyyəti daha da gərginləşdirirdi...
Məhz bu səbəbdən biz Ümummilli liderin hələ sovet dönəmindən ölkədə təhsilin keyfiyyətinin artırılması istiqamətində atdığı cəsarətli addımları renessans kimi qələmə veririk. Ulu öndərin müsəlman xalqlarının əzildiyi bir rejimdə Azərbaycan xalqını güclü təhsilə, yüksək sosial yaşayış səviyyəsinə malik millətlər sırasına çıxarması ən azından özünün həyatı üçün təhlükə, dövlətimiz üçün müstəqillik əldə etmək və bu azadlığı əbədiləşdirməkdən ötrü bir şans idi...
Lakin SSRİ-nin parçalanmasından sonra müstəqil dövlətimizin sükanı arxasına antimilli “siyasətçilərin” keçməsi ölkənin bütün sahələrinə olduğu kimi, təhsil sektoruna da təsirsiz ötüşmədi. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təhsil sahəsində qurduğu sistem dağılmaq təhlükəsi ilə üz-üzə idi...
1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev Azərbaycanı yenidən inkişaf yoluna çıxardı... Bütün sahələrdə olduğu kimi, təhsil sferasında da tərəqqi başladı...
Bu gün isə həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sahəsinə ayrılan vəsait ildən-ilə artır ki, bu da yalnız inkişafa aparır...
Əlbəttə ki, burada dövlətin təhsil siyasətinə dəstək məqsədilə irimiqyaslı layihələr həyata keçirən Heydər Əliyev Fondunun fəaliyyətini də vurğulamaq yerinə düşər. Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bir sıra proqramlar və layihələr çərçivəsində Azərbaycanda təhsilin keyfiyyətinin artırılması, bu sahədəki infrastrukturun təkmilləşdirilməsi istiqamətində böyük işlər həyata keçirib.
“Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və dərs ləvazimatının paylanması da Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan I sinif şagirdlərini, eləcə də, Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir. Ötən il bir sıra xarici ölkələrdə - Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyə alıblar.
Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdəki fəaliyyətinin coğrafiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayır. Rusiyanın paytaxtında və ayrı-ayrı şəhərlərində fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Burada Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti diqqəti cəlb edir. 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Fondun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaiti göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, istifadəyə verilib. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunub. Rusiyanın “Puşkin kitabxanası” Fondu ilə qurulan əməkdaşlıq da ölkəmizdə elm, təhsil və mədəniyyətin inkişafına yönələn dəyərli hadisədir. Rusiyada son illər nəşr edilən müxtəlif elm sahələrinə aid 4 min kitab, 800 dərslik Fondun və şəxsən Mehriban xanımın təşəbbüsü ilə respublikamızın ali məktəblərinə təqdim edilib.
Bir daha qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondunun bu fəaliyyəti tarixi vətənindən uzaqda yaşayan yeni nəsillərin öz dillərinə, mədəniyyətlərinə yiyələnmək imkanı baxımından mühüm əhəmiyyət daşıyır.
Yekun olaraq söyləyək ki, Heydər Əliyev Fondu təhsil sahəsinin inkişafı ilə əlaqədar qarşısına qoyduğu məqsədlərə addım-addım nail olur. Əlbəttə ki, Fondun həyata keçirdiyi işlər, reallaşdırdığı layihələr yalnız xalqımızın işıqlı gələcəyinə hesablanıb və bu fəaliyyətin uğurlu nəticələrini gələcək nəsillər əyani olaraq görəcəklər. Çünki bu gün təhsilə yatırılan sərmayələrə nəzərən bir neçə onilliklərdən sonra sırf intellekt sahəsində əldə olunacaq müsbət uğurların nəticələri qat-qat artıq olacaq.
Nazilə Məmmədova
Abşeron Rayon Təhsil Şöbəsinin müdiri