Mübariz Əhmədzadə: İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir
Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə - Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.
Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.
Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.
İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.
Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!
Novruz bayramınız mübarək olsun!"
Zaqatalada heyvandarlıq məhsullarının istehsalı artıb
Cari ilin yanvar-fevral aylarında Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, bu ilin ilk iki ayında rayonda 1314,1 ton diri çəkidə ət, 6 min 350,4 ton süd, 3 milyon 61 min ədəd yumurta istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 ton, süd istehsalı 56,6 ton, yumurta istehsalı 23 min ədəd artıb.
İstehsal olunan diri çəkidə ətin və yumurtanın hamısı, südün isə 6 min 347,3 tonu əhali və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə iki ayda 3,1 ton süd istehsal olunub.\
“Azərtütün ASK” MMC-nin Zaqataladakı emal məntəqəsində tütün şitillərinin yetişdirilməsinə başlanılıb
Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 104 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 720,2 hektar təşkil edir.
Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən şimal-qərb bölgəsi rayonlarında 1000 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır. Bölgənin fermerləri tərəfindən bu günədək ümumi sahəsi 22 min 446 kvadratmetr olan 1593 sadə istixana hazırlanıb. Eyni zamanda, 695,4 hektarda don şumu aparılıb.
Cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında da martın 11-dən etibarən tütün şitillərinin yetişdirilməsi üçün işlərə başlanılıb.
Qeyd edək ki, tütün şitillərinin yetişdirilməsi üçün məntəqənin ərazisində 4 ədəd ABŞ istehsalı və 3 ədəd ölkəmizdə istehsal olunan istixana quraşdırılıb. Tutumundan asılı olaraq bu istixanaların hər birində 625 mindən 800 minədək “Virciniya botaniki” növlü tütün şitili yetişdirmək mümkündür. Toxum əvvəlcə xüsusi aparat vasitəsilə plastik goduşların (lotok) içərisinə yerləşdirilir. Hər bir goduşun içərisinə 288 ədəd toxum qoyulur. Sonra bu goduşlar istixananın içərisindəki su hövzəsinə buraxılır. Su hövzələrinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Böyük istixanaların hər birinə 3 min ədəd goduş qoymaq mümkündür. Tütün şitili 40-45 gün ərzində yetişir və sahəyə köçürülmək üçün hazır vəziyyətə gəlir.
Hələlik istixanalardan yalnız birinə toxum qoyulur. Ümumiyyətlə, bir istixanada yetişdirilən tütün şitili ilə 35 hektar sahəyə şitil köçürmək mümkün olur.
Zaqatalada şəhid ailələri ziyarət olunub
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini ziyarət ediblər.
Ziyarət zamanı xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilib, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacaqları qeyd olunub. Polis əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidlərin qadın ailə üzvlərini təbrik edərək, gətirdikləri hədiyyələri təqdim edib, qız övladlarının təhsili ilə maraqlanıblar.
Torpaqlarımızın işğaldan azad edilməsində canından keçən oğullarımızın ailə üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.