Nazilə xanım Məmmədova: Azərbaycan təhsilinin artan uğurları
Təhsil elə bir ictimai hadisədir ki, cəmiyyətin keçəcəyi inkişaf yolu əksər hallarda bu sahəyə münasibətdən asılı olur. Təhsilin millətin, dövlətin və bir qədər də qlobal məcrada götürsək, ümumilikdə bəşəriyyətin gələcəyi olduğunu söyləməklə əslində yeni bir nəzəriyyə kəşf etmirik. Öz əməlləri ilə Azərbaycan ictimai şüurunda əbədilik qazanan və milli simalarımıza çevrilən böyük maarifpərvərlərimiz bu reallığı hələ əsrlər əvvəl Azərbaycan ictimaiyyətinin ən aktual məsələsinə çevirmişlər. Bu böyük şəxsiyyətlərin cəmiyyətimizin savadlanması, Azərbaycanda maarifçilik ənənələrinin təşəkkül tapması və inkişafı uğrunda göstərdikləri fədakarlıqlar onların həyat və fəaliyyətini bizlər üçün örnəyə çevirmişdir. Amma bu cür örnəklər təkcə keçmişə aid deyil. Belə nümunələr indi də yaranır. Tarix ömrünü eyni missiyaya həsr edən şəxsiyyətləri indi də əbədiləşdirir. Onları zəmanəsinin ən böyük mütəfəkkirlərinə, maarif carçılarına çevirir. Sadəcə olaraq hadisələrin içində yaşadığımızdan bu prosesin fərqində deyilik.
"Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacaq" reallığını cəmiyyətimizə təlqin edən ulu öndərimiz Heydər Əliyev qüdrətli sərkərdə, böyük dövlət xadimi olmaqla bərabər, həm də alovlu maarifpərvər idi. Ümummilli liderimiz Azərbaycana rəhbərliyi dövründə təhsil sahəsində elə mütərəqqi ənənələr formalaşdırmışdır ki, artıq hər hansı problem bu sahədə davamlı inkişafın qarşısını ala bilməz. Çünki Heydər Əliyevin müəyyənləşdirdiyi ənənələr hesabına təhsil Azərbaycan cəmiyyətində həyat normasına çevrilmiş, milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi milli düşüncə sistemimizdə öz kodlarını yaratmışdır. Bu gün sıravi azərbaycanlının təfəkküründə təhsilsiz, ən azı yazıb-oxumağı bacarmayan insan təsəvvürünə yer yoxdur. Yəni, cəmiyyətimiz təhsilli olmağı normal insan olmaq üçün zəruri sayılan şərtlər sırasında nəzərdən keçirməkdədir.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə həyata keçirilən strateji inkişaf kursunun uğurları sayəsində milli təhsil ənənələrimiz daha da möhkəmlənir. Azərbaycan vətəndaşlarının mədəni-intellektual potensialının yüksəlməsi, təhsilin keyfiyyətcə dəyişərək yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün dövlət səviyyəsində gərək olan bütün addımlar atılır. Dünyanın ən inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsi Azərbaycanda da tətbiq edilir. Məktəblərimizin maddi-texniki bazası gücləndirilir. Ən əsası isə Azərbaycanın siyasi, sosial-iqtisadi təlatümlər yaşadığı 90-cı illərin əvvəllərində çətinliklərin ən ağırını, ən dözülməzini həyatından keçirən, amma yenə də sınıb əyilməyən, yerinə yetirdiyi mənəvi vəzifənin şərəf yükünü maddiyyata satmayan Azərbaycan müəlliminin layiq olduğu ad, nüfuz, ucalıq yenidən özünə qaytarılır.
Milli təhsilimizin inkişafına yönəlmiş məqsədyönlü addımların Azərbaycanın gələcəyi baxımından nə dərəcədə böyük əhəmiyyət daşıdığını xüsusi vurğulamağa lüzum görmürük. Təhsilin tərəqqisi, gənc nəslin təlim-tərbiyəsinin müasir standartlara uyğun qurulması, bugünün körpələrinin sabahın layiqli vətəndaşları kimi yetişdirilməsi məqsədilə atılan ən kiçicik addım belə böyük vətənrərvərlik nümunəsi kimi yaddaşlara yazılır.
Azərbaycan cəmiyyətində hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin zəruri biliklərə yiyələnməsini, milli təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını əsas fəaliyyət meyarlarından biri kimi müəyyənləşdirmiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi missiya isə cəmiyyətimizdə yeni bir ənənənin əsasını qoymaqdadır. Bu ənənə ilk növbədə Azərbaycanın sosial-iqtisadi yüksəlişinin ölkəmizin mədəni tərəqqisinə, ictimai şüur səviyyəsinin yüksəlişinə yönəlməsi zərurətindən çıxış edir.
Ulu öndərimizin adını daşıyan fondun prezidenti Mehriban xanım Əliyevanın bu gün milli təhsilimizin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyəti isə bu ənənələrin illər sonra da Azərbaycan dövlətinin yüksəlişini təmin edəcək əsas amil kimi qorunması, zamanın dəyişən tələblərinə uyğunlaşdırılması məqsədinə hesablanmışdır. Mehriban xanım Əliyevanın irəli sürdüyü, böyük uğurlarla həyata keçirilməkdə olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının başlıca əhəmiyyətini bunda görürəm. Bu proqram özündə təkcə respublikamızın ucqar əyalətlərində yeni məktəb binalarının tikilməsi, bu binaların ən müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz edilməsi məzmununu ehtiva etmir. Bütün ölkə boyu aparılan bu prosesin mənəvi-psixoloji tərəfləri şəxsən bu sətirlərin müəllifi üçün işin maddi məqamlarından daha önəmlidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmiş bu məktəblər böyük fərəh hissi ilə o məktəblərə doğru tələsən balalarımızın gözündə qurulmuş Azərbaycan dövlətidir. Müstəqil dövlətimizin xoşbəxt gələcəyini yaradacaq, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsinə çevirəcək yeni nəslin, yeni vətəndaşların tərbiyəsi işi orta məktəblərin birinci sinfindən başlayır. Övladlarımızda formalaşdırılan dövlətçilik düşüncəsi onların hisslərinə, duyğularına, arzu və ideallarına verilən stimuldur. Bu, həm də yaşın lap erkən çağlarından övladlarımıza təlqin edilən dövlətçilik məsuliyyətidir. Elmi-pedaqoji fəaliyyətim ali məktəblə bağlı olsa da, orta məktəblərdə tədris prosesinin yaxşılaşdırılması üçün yaradılan şəraitin şagirdlərin mənəvi tərbiyəsində oynadığı müstəsna rol mənə də yaxşı tanışdır.
Mehriban xanım Əliyevanın milli təhsilimizin inkişafı sahəsində gördüyü işlər bir məqamı ilə də önəmlidir. Məlumdur ki, Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olmaqla bərabər, həm də Azərbaycanın birinci xanımı ictimai statusunun daşıyıcısıdır. Bu status dünyanın digər demokratik ölkələrində birinci xanımlara göstərilən münasibətdən irəli gələrək Azərbaycanda da Mehriban xanım Əliyevanın məşğul olduğu sahələrə cəmiyyətin diqqətini artırır. Onun öz fəaliyyətində Azərbaycan təhsilinin inkişafını əsas prioritetlərdən biri kimi götürməsi bu məsələnin ümumilikdə cəmiyyətin mühüm maraq predmetinə çevrilməsi və dolayısı ilə cəmiyyətin bütün təbəqələrinin təhsilimizin inkişafı naminə ictimai səfərbərliyi deməkdir.
Müstəqil dövlətimiz üçün bu imkanları təmin edən əsas şəxslərdən biri də Mehriban xanım Əliyevadır.
Və tarix bu xidmətləri heç zaman unutmayacaqdır.
Baş redaktordan: Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə xanım Məmmədovadır.
Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə xanım Məmmədova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Nazilə xanım Məmmədova Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndərimiz Heydər Əliyevin layiqli davançısı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləyir və ölkə başçısının təhsilə göstərdiyi qayğını yüksək səviyyədə qiymətləndirərək özünün əməyi ilə təhsilin inkişafına səy göstərib töhfəsini vermişdir.
Şərəfli vəzifəyə yiyələnən Nazilə xanım Məmmədova bu işin müqəddəsliyini qoruyub saxlayır. Nazilə xanım Məmmədova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Nazilə xanım Məmmədovaya gələcək işlərində uğurlar arzu edirik.
Baş redaktor: Ruslan Həsənov