Xocalı soyqrımı-xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarrixə düşmüş Xocalı soyqrımının törıdilməsindən 30 il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan silahlı birləşmələri Sovet İttifaqı Ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqrımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqrımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqrımı nəticəsində
yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Əslində Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtda da Xocalı qətliamının əsası qoyulurdu.
Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar. Faciənin törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun müvbarizə zəmini qırmaq, işğöal faktı ilə barışmasına nail olmaq idi. lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi.
Xocalıların qəhrəman müdafiəçiləri qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunələri göstərdilər.
Xalqımız bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Bakıda, respublikamızın bir sıra bölgələrində həmçinin xaricindəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir. Xocalı soyqrımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq eyni zamanda başımızı dik tutmalıyıq.
Qalib Həsənov
Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzin direktoru