Səttar Möhbalıyev: “Anti-milli qüvvələrlə Ermənilərin yalanları üst-üstə düşür”
“Özünü azərbaycanlı adlandıran, lakin hər zaman anti-milli mövqe tutan qüvvələr yenidən dövlətimiz əleyhinə yalan və böhtanlar uydurmağa başlayıblar. Onlar belə həssas dönəmdə Ermənistanın hərbi təxribatına cavab verən Azərbaycanı ittiham etməyə çalışırlar. İnsan nə qədər öz dövlətinə, onun bayrağına, xalqına düşmən olar ki, bu fikirləri səsləndirsin?! Məgər onlar şəhid ruhlarından, şəhid analarından utanmırlar?!”
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
“Bütün Azərbaycan xalqı görür ki, həmin anti-milli qüvvələrlə Ermənilərin iftiraları üst-üstə düşür və bunlar Azərbaycana düşmən olan yad ünsürlərdir. Heç vaxt olanların yalanlarına xalqımız inanmaz. Həm Ermənistan, həm də həmin qüvvələr birdəfəlik anlasınlar ki, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi “Dəmir yumruq” yerindədir. Ermənistan tərəfinin bütün təxribatlarına layiqli cavab veriləcək. Necə ki, biz bunu son hərbi təxribatlar zamanı gördük, - Milli Məclisin deputatı deyib.
AHİK sədri qeyd edib ki, mütləq daxilimizdə olan həmin qaragürhçu ünsürlər barədə ölçü götürülməlidir: “Onlar hesab edirlər ki, yalan fikirlər səsləndirməklə xalqımızın birliyini poza biləcəklər? Unutmasınlar ki, heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan xalqı dəmir yumruq kimi dövlətimizin başçısı cənab İlham Əliyevin ətarfında birləşib. Və bu birlik əbədi və sarsılmazdır. Və Azərbaycanın ən böyük silahı da xalqımızın həmrəyliyidir”.