Famil Bağıyev: Bəzi məmurlar ölkə Prezidentinin növbəti xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar
"ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev - “Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Ən əsası, regionlar arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulu bölgələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. Bu baxımdan deyə bilərik ki, hazırda 4-cü Dövlət proqramının icrası digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. Hər bir Dövlət proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər planı və icra mexanizmi öz əksini tapıb. Diqqət çəkən əsas məqam budur ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidir və onların icrası istiqamətində mühüm tapşırıqlar verir. Vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğu atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyev ilk gündən bu çağırışı səsləndirdi ki, əgər xalq görülən işlərdən razı olarsa, mən də razı olacam. Göründüyü kimi, insan amili, insanların yüksək rifah şəraitində yaşayışı dövlətin siyasətində əsasdır. Eyni zamanda, Prezident hər bir vətəndaşının yanında olmaqdan məmnunluq hissi keçirir.”
Dövlət başçısı İlham Əliyevin rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi də ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir: “Ölkə Prezidenti 2013-cü ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu çağırışı etmişdir ki, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək!” deyəndə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməli, təhdid edilməməli, incidilməməlidir: “Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”
Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edərək bildirmişdir ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.
Bunlardan biri şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir: “Dövlətimizin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısı göz önündədir. Onların sosial məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifə kimi dayanır. Hər zaman bu çağırış səsləndirilir ki, dövlətlə yanaşı, hər bir vətəndaş, dövlət məmuru şəhidə ailələrinə, qazilərə diqqət və qayğı göstərməlidir. Onların qanı, canı bahasına 30 illik işğala son qoyulub, torpaqlarımız öz tarixi sahibinə qayıdıb. Qeyd olunan görüşdə dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdə dövlətimizn qətiyyətini mövqeyindən bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”.
“Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri hər bir rayon rəhbərliyinin rayonun inkişafı ilə bağlı təşəbbüs göstərməsi oldu” ,- dövlət təsdiqlənən Dövlət proqramlarında hər bir rayonun gələcək inkişafını necə görmək istədiyini nəzərdə tutduğu tədbirləri ilə təsdiqləyir: “Rayon rəhbərliyi qarşıya qoyulan vəzifələri, eyni zamanda, özünün təşəbbüslərini sistemli şəkildə icra etməklə bölgənin sürətli inkişafına öz töhfəsini verməlidir. Reallıq budur ki, Azərbaycanın hər bir bölgəsi zəngin potensiala malikdir, onlardan səmərəli istifadə etmək üçün zəruri addımlar atılır. Sözügedən rayonların hər birinin zəngin turizm potensialı hər kəsə məlumdur. Həmçinin son illərdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafının prioritetliyini nəzərə alsaq, hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar mövcuddur. “Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır” ,- söyləyən dövlət başçısı bildirdi ki, müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmış, qanunsuz zəbt edilmişdir”.
Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti məhz bundan ibarətdir. Ölkə Prezidenti proqram xarakterli hər bir çıxışında görülən işləri və qarşıda dayanan vəzifələri açıqlayır, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edir. Xalqın Prezidentinə inamı, etimadı böyükdür. Bu birlik, həmrəylik fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür.
Bölgələrdə yaradılan şərait, infrastruktur layihələrinin uğurlu icrası sahibkarlığın inkişafına geniş imkanlar açır: “Dövlətin sahibkarlığın inkişafına diqqət və qayğısı sistemli xarakter daşıyır. Ölkəmizdə sabitliyin, normal biznes mühitinin mövcudluğu investisiya cəlbediciliyinin qorunmasında əsas faktordur. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmizdə böyük sahibkarlar sinfi yaranıb.
Sahibkarlara güzəştli kreditlərin verilməsi, həmçinin müraciətlərində süründürməçilik hallarının baş verməməsi üçün elektron xidmətlərin tətbiqi və sair kimi biri-birindən mühüm addımlar bugünkü inkişafın əsasını təşkil edir. Həmçinin bölgələrimizdə “ASAN xidmət”, DOST mərkəzləri fəaliyyət göstərir ki, bunlar hər bir xidmətin yüksək səviyyədə təşkilində əhəmiyyətli rol oynayırlar. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı bütün dövrlərdə aktualdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə də sahibkarlığın, qeyri-neft sektorunun inkişafının bundan sonra da prioritet olacağını bildirdi.”
Ölkəmizdə geniş vüsət alan islahatlar prosesinin, həmçinin kadr dəyişikliklərinin hədəflərə yüksək səviyyədə nail olmağa böyük stimul verdiyini önə çəkərək bildirib ki, ölkəmizin inkişafı üçün bütün imkanlar mövcuddur. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşısında geniş imkanlar açılıb. Dövlət başçısı İlham Əliyev bir daha bu tələbi qaşıya qoydu ki, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.
İdarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verir.