Главная > Dünya > “Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” - GƏLİŞMƏ

“Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” - GƏLİŞMƏ


23-09-2024, 15:30. Разместил: admin


Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hakimiyyəti ələ keçirməyi cəhd edən cinayətkar dəstənin planının üstünü açıb.

İstintaq Komitəsinin məlumatına görə, aktiv əməliyyat tədbirləri zamanı təxminən 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində yeddi nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyən digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.

İstintaq orqanları iddia edir ki, şübhəlilər 2024-cü il ərzində Ermənistan vətəndaşlarını, eləcə də Qarabağdan olan erməniləri Rusiyada üç aylıq hərbi təlim keçmək və ağır silahların yeni növlərindən istifadə vərdişlərinə yiyələnmək, Ermənistana qayıtdıqdan sonra isə döyüş növbəsini yerinə yetirmək adı altında ayda təxminən 220 min rubl mükafat müqabilində cinayətkar fəaliyyətə cəlb ediblər. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi hərbi təlim yox, Ermənistanda hakimiyyəti ələ keçirmək olub. Cəlb edilənlərin bəziləri çevrilişdə iştirakdan imtina edərək, Ermənistana qayıdıblar.

“Otuza yaxın axtarış və dindirmədən sonra Ermənistan vətəndaşları S.Q., A.E., A.Q., habelə Dağlıq Qarabağın keçmiş sakinləri A.M və A.S. S., şəxsiyyətləri hələlik istintaq tərəfindən müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olaraq, Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirmək üçün şərait hazırladıqları barədə məlumat əldə olunub”, - İstintaq Komitəsinin bəyanatında deyilir.

7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4-ü barəsində isə axtarış elan olunub.

Aydındır ki, bu informasiya Ermənistan rəhbərliyinin icazəsi olmadan ictimaiyyətə açıqlana bilməzdi.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Ümumerməni Forumunda çıxışı zamanı bəyan edib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudiyyətinə və suverenliyinə təhdidlər yaradır.

"Ermənistan KTMT-də iştirakını dondurub, çünki bu struktur respublikanın suverenliyinə təhdidlər yaradıb", - Paşinyan bildirib. Ermənistanın baş naziri vurğulayıb ki, Ermənistan KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtəyə” yaxındır.

Amma ən qəribəsi odur ki, o, İrəvanın nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində olmadığını əlavə edib.

Bu, mahiyyət etibarı ilə o deməkdir ki, Ermənistan anti-Rusiya sanksiyalarından yan keçmək üçün Moskvaya kömək etməkdə davam edəcək və bu köməyin tempi daha da artacaq.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə Ermənistan arasında ticarət dövriyyəsinin 14-16 milyard dollara çata biləcəyini bəyan edib. Bu isə iki dəfədən çox artım deməkdir. 2023-cü ildə Ermənistan-Rusiya ticarət dövriyyəsinin 56% artdığını nəzərə alsaq, bu tendensiyanın güclənməkdə davam etdiyi aydındır.

Qəribə ziddiyyət ortaya çıxır. Paşinyan bir tərəfdən Ermənistanda çevriliş hazırlayan Rusiyapərəst qüvvələri həbs edir, KTMT əleyhinə növbəti kəskin bəyanatla çıxış edir, sonra isə çıxış tonunun dəyişmədən Rusiya və Kremlin yaratdığı Aİİ ilə iqtisadi əlaqələri kəsmək fikrində olmadığını bəyan edir. Bundan başqa, o, Kazanda keçiriləcək BRICS sammitinə də gedəcək. Bütün bunlardan sonra Paşinyanın əslində nəyə can atdığını və onun xarici siyasət istiqamətinin nədən ibarət olduğunu anlamaq çox çətindir.

Rusiyalı analitik, Demokratik Seçim siyasi partiyasının həmsədri, “Liberal Missiya” Fondunun (Moskva) idarə heyətinin üzvü Sergey Javoronkov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Ermənistan (xüsusən də onun hökuməti) iki əks tendensiya ilə üzləşib. “Bir tərəfdən Putinin Ermənistana nifrəti və onu Sarqsyanla Koçaryanın rəhbərlik etdikləri Qarabağ klanını devirdiyinə görə cəzalandırmaq istəyi göz qabağındadır. Koçaryanın həbsdə olduğu müddətdə Putinin iki dəfə onu bayram münasibətilə təbrik etməsi Rusiya diplomatiyasında kifayət qədər qəribə təcrübədir. Bu onun Rusiya prezidentinə nə qədər yaxın olmasının göstəricisidir. Putin məhz buna görə də 2020-ci il müqaviləsini açıq şəkildə pozaraq, münaqişənin yenidən qızışdığı bir vaxtda “sülhməramlılara” heç nə etməməyi əmr etmişdi”, - politoloq qeyd edib.

Digər tərəfdən, o deyir ki, əvvəllər Ermənistan ixracatının təqribən 35%-i Rusiya Federasiyasının payına düşürdüsə, indi təkrar ixracat hesabına bu rəqəm 40%-ə yüksəlib. Bu ixracat əsasən kənd təsərrüfatı mallarıdır ki, Rusiya Federasiyası onu asanlıqla əvəz edə bilər. “Ermənistan bu ixracatı itirmək istəməz. Bundan başqa, aydındır ki, hazırda Cənubi Qafqaz Qərb ölkələri üçün prioritet istiqamət deyil, oradan gələn köməyin artacağına ümid etmək olmaz. Ona görə də, Ermənistan hakimiyyəti üçün bu ixracatı qoruyub saxlamaq vacibdir. Onların bunun üçün təsir rıçaqları var - Ermənistandakı Rusiya bazalarının ləğvi təhlükəsi. Onların praktiki olaraq əhəmiyyəti azdır, lakin Rusiya hakimiyyəti üçün onlar mental baxımdan əhəmiyyətlidir. Və beləliklə, Rusiya ilə “soyuq sülh” vəziyyəti qorunur. Bununla yanaşı, daxili siyasi məsələlərdə Qarabağ münaqişəsindəki məğlubiyyətin məsuliyyətini Rusiya Federasiyasının üzərinə qoymaq vacibdir və bunun əsassız olduğunu da söyləmək olmaz. Strateji baxımdan isə bu administrasiya zamanı Ermənistan tədricən Qərbə doğru istiqamətlənəcək”, - Javoronkov hesab edir.


Вернуться назад