Главная > Dünya > İrəvanda Makron-Putin savaşı: Bu dəfə başqa cəbhədə - Görünəni odur ki...

İrəvanda Makron-Putin savaşı: Bu dəfə başqa cəbhədə - Görünəni odur ki...


25-07-2024, 14:22. Разместил: admin


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransanın Framatome şirkətinin nümayəndələri ilə görüşüb.

Təhlükəsizlik Şurasının katibi görüş zamanı Fransa tərəfinin Ermənistanda nüvə enerjisinin inkişaf etdirilməsində maraqlı olmasının vacibliyini qeyd edib. Qeyd edək ki, Framatome əvvəllər Areva NP kimi tanınan, Fransa mərkəzli bir şirkətdir və əsasən nüvə enerjisi texnologiyası ilə məşğuldur. Framatome, EDF (Electricité de France) tərəfindən idarə edilir və 2018-ci ildən bəri EDF, Mitsubishi Heavy Industries və Assystem arasında birgə müəssisədir.

Şirkət dünyanın dörd bir tərəfində müştərilərə xidmət göstərir və nüvə enerjisinin inkişafında mühüm rol oynayır.

“Framatome” şirkətinin nümayəndələrinin İrəvana səfəri və bu ölkənin Təhlükəsizlik Şurasının katibi ilə görüşməsi onu deməyə əsas verə bilər ki, Fransa Ermənistanda Metsamor Atom Elektrik Stansiyasına maraq göstərir və bu stansiyanı nəzarətə götürmək istəyir.

Politoloq Oqtay Qasımov “Cebheinfo.az” – a şərhində məsələni bu cür şərh edib:

“Ermənistanda vaxtilə Moskva tərəfindən tikilmiş Metsamor Atom Elektrik Stansiyasının vəziyyəti 1998-ci ilin dekabrında baş verən zəlzələdən sonra təhlükə altına düşüb. Buna görə də uzun müddət ərzində Metsamor məsələsi dünya mətbuatında ən əsas mövzulardan biri olub. Hətta stansiyanın bağlanması ilə bağlı çağırışlar da olub. Amma buna baxmayaraq, Rusiya Metsamor Atom Elektrik Stansiyasında yenidənqurma işləri apardı. Bununla Rusiya Ermənistanın elektrik enerjisi ilə təminatında əhəmiyyətli rol oynadı. Qeyd edim ki, Ermənistan rəhbərliyi son dövrlərə qədər ölkədə əlavə atom elektrik stansiyaların tikilməsi üçün Rusiya ilə danışıqlar aparıb. Bu yaxınlarda ROSATOM-dan Ermənistan mətbuatına verilən məlumata görə, Rusiya Ermənistanda həm Metsamor Atom Elektrik Stansiyasının gücünün artırılması, həm də yeni stansiyaların tikilməsi istiqamətində mühüm işlər görmək niyyətindədir.

Lakin nəzərə almalıyıq ki, hazırkı Cənubi Qafqaz üzərində Rusiya ilə Qərb arasında geosiyasi savaş gedir. Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir. Bu səbədən ABŞ Ermənistana bir neçə yeni modul tipli atom elektrik stansiyaların tikilməsi ilə bağlı təklif verib. İrəvan həm də Fransa ilə bu istiqamətdə danışıqlar aparır. Hesab edirəm ki, bu baxımdan Ermənistan üzərində geosiyasi mübarizə təkcə siyasi və iqtisadi sahədə deyil, həmçinin enerji sektorunda da müşahidə olunacaq”.

Ekspert əlavə edib ki, Fransanın Ermənistanda mövqeyini möhkəmləndirməsi Rusiya ilə münasibətlərdə gərginliyi daha da artıracaq:

“Fransa Ermənistanda təkcə hərbi-texniki sahədə yox, həmçinin enerji sektorunda da təsir imkanlarını artırmaq istəyir. Ola bilər ki, Fransanın sözügedən şirkəti Metsamor Atom Elektrik Stansiyasını nəzarətə götürmək məqsədi güdür. Təbii ki, Moskvanın buna münasibəti çox mənfi olacaq”.


Вернуться назад