Главная > Dünya > Trampa atılan güllə... Baydenə “dəydi” – Köynəkdə doğulan namizəd
Trampa atılan güllə... Baydenə “dəydi” – Köynəkdə doğulan namizəd15-07-2024, 10:52. Разместил: admin |
ABŞ tarixində prezidentliyə iddiaçıya və ya prezidentə 19-cu sui-qəsd Donald Trampın qismətinə düşdü. Alın yazısı, qədəri belə imiş. Həm də sağ qalmalı imiş. Özü də möcüzəvi şəkildə. Çünki güllə cəmi 2-3 sm fərqli trayektoriya ilə uçsaydı, indi dünya liderləri Tramp ailəsinə başsağlığı verirdi. Ya cəmi 100 metrlikdə yer seçmiş killer təcrübəsiz olub, ya da Tramp köynəkdə doğulub. Bütün hallarda adamı Allah qorusun, mühafizə-zad boş şeydir. Daha dəqiqi, həlledici deyil. Hərçənd prezidentliyə namizədin yaxın ətrafının xüsusi xidmət orqanları tərəfindən “təmizlənib” nəzarətə götürülməməsi ciddi suallar yaradır. Dünyanın ən qüdrətli ölkəsinə yaraşmayan bir peşəkarlıq. Yeri gəlmişkən, Qurani-Kərimdə Rəbbimiz buyurur ki, “Allahın qorumadığı kəsə heç kim kömək edə bilməz”. Və əksinə, Uca Yaradanın nəzəri üstündədirsə, sənə zaval yoxdur. Görünür, Tramp hələ Amerikaya lazımdır. Onun missiyası bitməyib... Artıq zərrəcə şəkk-şübhə yox ki, yerdə qalan bir neçə ayda Donald Tramp sanki təzədən dünyaya gəlmiş, enerjili biri kimi, əsl mübariz, hətta dissident simasında Co Baydenə qarşı seçki kampaniyasını daha inamla aparacaq. Niyə də aparmasın. Onun yerinə kim olsa, belə edər, yeni və əlverişli situasiya və fürsətdən lazımınca yararlanardı. Zira, əgər atılan güllələr hədəfə dəyib onu sıradan çıxarmırsa, sui-qəsd boşa çıxırsa, siyasətçinin reytinqi artır. Cəmiyyətdə o ən çox “sifariş edilən”, tələb olunan fiqura, simaya çevrilir. Bu mənada ahıl yaşda olan Trampa (70-80 arası tibdə ahıl yaş sayılır) atılmış güllələr əslində demensiyadan əziyyət çəkən qoca Baydenə “dəyib”. Onsuz da sonuncunun reytinqi axsayırdı, sabiq prezidentdən aşağı idi. Bu yandan da belə bir olay - Tramp üçün açılan ilahi bir şans... Demək, hazırkı prezident seçkisi marafonundan çıxarılması yönündə Baydenə öz partiyasının təzyiqləri artacaq. Eləcə də seçki kampaniyasını maliyyələşdirən sponsorlar ona pul ayırmaq istəməyəcəklər. Artıq siqnallar gəlməyə başlayıb. Məntiqlidir. Heç kim şansız bir layihəyə pul-para yatırmaq istəmir. Başqa yandan, məlum olaydan sonra heç demokratların daha gənc namizədi üçün də artıq asan olmayacaq... Qocalıq isə hamiləlik kimi, xəstəlik deyil, insanın yeni fizioloji durumudur. Çox vacibdir ki, insan bu mərhələni ləyaqətlə, yaşına, başına uyğun şəkildə tamamlasın. Mümkün olmayandan yapışmasın. Xüsusən də 80-ni keçmiş siyasət adamı siyasətdən vaxtında getsin. Qısası, sonluğu yaxşı eləsin. Çünki ömrün elə anıdır ki, Allah buraxdığın səhvi düzəltmək üçün sənə sadəcə, şans tanımaya bilər. Biz hələ bu yaşda səhv eləmək “lüksü”nün olmadığını demirik... (musavat.com) Вернуться назад |