Главная > Dünya > Rusiya Fransa-Almaniya düşmənçiliyi yaradır: Paris Avropa Birliyini parçalayır
Rusiya Fransa-Almaniya düşmənçiliyi yaradır: Paris Avropa Birliyini parçalayır24-01-2024, 09:17. Разместил: admin |
Rəsmi Parisin Ukrayna savaşı ətrafında qurduğu hiyləgər oyunlar Almaniya başda olmaqla, əksər Avropa Birliyi ölkələrində ciddi narazılıq doğurmaqdadır... Rusiyaya qarşı yalnız hay-küylə işini bitmiş hesab edən Fransanın ucbatından Avropa ölkələri arasında kəskin ziddiyətlərin artıq idarəolunmaz səviyyəyə çatıb... Ukrayna savaşının ABŞ və Qərbin planlarından kənar ssenari üzrə inkişaf etməsi müəyyən hərbi-siyasi problemlər yaratmağa başlayıb. Ötən ilin əvvəllərində Qərb strateqləri tamamilə əmin idilər ki, Ukrayna ordusu əks hücum əməliyyatlarına başladıqdan sonra Rusiya küncə sıxışdırılacaq, hətta məğlubiyyətə uğradılacaq. Və məhz bundan sonra Qərb siyasi dairələri Kremllə təmaslar quraraq, Rusiyanın gələcək taleyini müəyyən edəcəklər. Təbii ki, Qərb siyasi dairələrinin Rusiyanın gələcək taleyinin müəyyən edilməsi prosesi birmənalı şəkildə Kremlə şərtlərin diqtə olunması üzərində indeksləşdiriləcəkdi. Yəni, əslində, ABŞ və Qərb Rusiyanın gələcək taleyini elə əvvəlcədən planlaşdırmışdı. Sadəcə, həmin planın reallaşdırılması prosesi kəskin ziddiyyətlər və maraq toqquşmaları ucbatından pozulmuş oldu. Və bütün problemlər də məhz kollektiv Qərbin daxilində baş qaldırmaqda olan narazılıqlardan qaynaqlanırdı. Məsələ ondadır ki, bəzi Qərb ölkələri Ukrayna savaşının maliyyələşdirilməsindən yayınmaqla, Rusiyanın gələcək taleyinin müəyyən edilməsi prosesindən qazanacaqları siyasi-strateji payın daha ucuza gətirilməsinə üstünlük verdilər. Onlar hesab edirdilər ki, əgər, Kreml azsaylı tərəfdaşlarından silah-sursat və hərbi texnika toplamağa çalışırsa, deməli, Rusiyanın sonuna çox qalmayıb. Yəni, Rusiyanın məğlubiyyəti qaçılmazdır və Ukraynaya göndərilmiş silah-sursat və hərbi texnika bunu reallığa çevirmək üçün yetərlidir. Və ona görə də, Qərb ölkələri müxtəlif bəhanələrlə Ukrayna savaşının maliyyələşdirilməsi prosesindən tədricən kənara çəkilməyə başladılar. Əvvəlcə ABŞ Ukraynanın gələcək taleyini növbəti prezident seçkilərinin girovuna çevirdi. Belə ki, Bayden administrasiyasi ABŞ Konqresində üstünlüyü ələ keçirmiş respublikaçıların göstərdiyi müqavimət qarşısında geri çəkilərək, Ukraynaya hərbi yardımları dayandırdı. Ardıncasa, ABŞ Ukrayna savaşının maliyyə yükünü Avropa Birliyinin öhdəsinə buraxdı. Ağ Evdə ümid edirdilər ki, Rusiyanın qələbəsindən qorxan Avropa ölkələri Ukrayna savaşını maliyyələşdirmək məcburiyyətində qalacaqlar. Halbuki, Avropa Birliyinin ləng və həvəssiz davranışları savaş poliqonunda situasiyanı tərsinə dəyişmiş oldu. Və Ukraynanın əks hücum əməliyyatı artıq iflasa uğramış kimi görünür. Təbii ki, Qərb strateqləri Ukrayna savaşı ətrafında Avropa məkanı üçün real hərbi-siyasi təhlükə vəd edən situasiyanın yarandığını anlamamış deyildilər. Ona görə də, avropalı siyasətçilər çaşqınlıq içərisində tez-tələsik çıxış yolları axtarmaq məcburiyyətində qaldılar. İlk olaraq, hərbi büdcələrin artırılması ilə müdafiə potensialının gücləndirilməsinə dair çağırışlara paralel şəkildə, yeni ümumi Avropa ordusunun yaradılması ideyası gündəmə gətirildi. Yəni, Ukraynaya hərbi yardım yenə də prioritet deyildi, üstəlik, NATO-ya alternativ alyansa doğru can atma cəhdi göstərildi. Ancaq çox tezliklə anladılar ki, yeni ordunun yaradılması da, hərbi büdcənin artırılaraq, müdafiə potensialının gücləndirilməsi indiki situasiyada effektiv çıxış yolu deyil. Çünki bütün bunları etmək üçün kifayət qədər uzun müddət çalışmaq lazım gələcək. Ukrayna isə Rusiya qarşısında məğlub duruma düşdüyündən Avropa məkanı üçün real hərbi təhlükə daha sürətlə irəliləyir. Və Rusiya Ukrayna üzərində hərbi qələbə qazanacağı təqdirdə, Kreml Avropa Birliyinin güclənəcəyi zamanı qətiyyən gözləməyəcək. Ona görə də, Avropa Birliyi ölkələri yenidən Ukraynaya hərbi yardımların göstərilməsi variantına geri dönüş etməyə üstünlük verir. Son məlumatlara görə, Avropa Birliyi hazırda Ukraynaya hərbi dəstək üçün təxminən 50-60 milyon avro məbləğində maliyyə fondunun yaradılmasına çalışır. Sadəcə, bu qurumun bəzi üzvləri hələ də belə nəhəng məbləğin birdəfəyə ayrılması variantına müqavimət göstərirlər. Və bu məsələnin yaxın vaxtlarda həllini tapa biləcəyi də qətiyyən istisna olunmur. Digər tərəfdən, Almaniya Ukraynaya Avropa ölkələrinin birbaşa maliyyə yardımları ayrılmasına da israrla çağırır. Hətta Rusiyanın yaxın gələcək üçün ehtimal edilən hərbi təcavüzündən qorxuya düşən rəsmi Berlin Almaniyanın Ukraynaya vəd etdiyi 4 milyar avroluq maliyyə paketini iki dəfə artıraraq, 8 milyard avroya çatdırıb. Eyni zamanda, Almaniya Hollandiyanın da 2,5 milyard avro dəstək ayırmasından məmnun qaldığını qətiyyən gizlətmir. Ancaq rəsmi Berlinin ciddi şəkildə narazı qaldığı Avropa ölkələri də mövcuddur. Belə ki, Almaniya hazırda Avropa Birliyinin aparıcı ölkələrinə, xüsusilə də, İtaliya, İspaniya və Fransaya təzyiqlər göstərməyə çalışır. Çünki bu üç ölkə digər Avropa ölkələrindən daha yüksək maliyyə-iqtisadi imkanlara malik olsalar da, Ukraynaya yardım göstərməyə qətiyyən həvəsli deyillər. Bu səbəbdən də, rəsmi Berlin ABŞ-ın kənara çəkildiyinə eyham vurmaqla yanaşı, Ukrayna ordusunun əks hücum əməliyyatının da iflasa uğradığını xatırlatmağa başlayıb. Və Ukraynanın məğlub olacağı təqdirdə, Rusiyanın Avropaya yolunun tamamilə açıla biləcəyi barədə sərt xəbərdarlıq etməyi də qətiyyən unutmur. Maraqlıdır ki, rəsmi Berlin əsasən, məhz Fransanı hədəfə alıb. Olaf Şolts hökuməti açıq şəkildə bəyan edir ki, Almaniya, Hollandiya və bəzi digər Avropa ölkələri Ukraynaya göstərəcəkləri dəstəyin məbləğini açıqlasalar da, Fransa bu mövzuda israrla susur. Halbuki, Rusiya əleyhinə ən sərt beynəlxalq çağırışların müəllifləri sırasında Fransa ön planda yer alır. Bu səbəbdən də, rəsmi Berlin Fransaya siyasi çağırışlar etmək əbəzinə Ukraynaya göstərəcəyi maliyyə dəstəyinin konkret məbləğini elan etməyi məsləhət görür. Və Ukraynanın tezliklə məğlub ola biləcəyini qabardan Almaniya rəsmi Parisi bu məsələdə mümkün qədər tələsməyə çağırır. Maraqlıdır ki, rəsmi Berlinin çağırışları və iradları Fransanı olduqca çətin vəziyyətə salıb. Belə ki, Makron administrasiyası beynəlxalq məkanda Fransanı Rusiya əleyhinə mübarizənin avanqard güc mərkəzi kimi təqdim etməyə çalışır. Hazırda rəsmi Paris Kremli hədəfə alan siyasi bəyanatları bir-birinin arxasınca sıralamaqdadır. Halbuki, Fransa Rusiya əleyhinə mübarizəyə maliyyə vəsaiti xərcləməyə qətiyyən həvəsli deyil. Əksinə, Makron hökuməti sadəcə, başqalarının sərf etdiyi maliyyə vəsaiti hesabına Rusiyaya qarşı mübarizə platformasının az qala şəriksiz liderinə çevrilməyə üstünlük verir. Təbii ki, rəsmi Parisin belə hiyləgər oyunları Almaniya başda olmaqla, əksər Avropa Birliyi ölkələrində narazılıq doğurur. Üstəlik, Qərb mətbuatında da Fransanı Ukraynaya göstərilən yardım məsələsində Böyük Britaniya, Almaniya, Polşa, Baltikyanı dövlətlər və Şimali Avropa ölkələrindən çox-çox geri qalmasına görə sərt şəkildə tənqid edilir. Rəsmi Parisin bütün bu iradlarla razılaşmaması və müxtəlif bəhanələrlə Ukraynaya dəstəkdən yayınmağa çalışması Fransa və Avropa Birliyi arasında çatların əmələ gəlməsinə də səbəb olmaqdadır. Və bu baxımdan, yalnız hay-küylə işini bitmiş hesab edən Fransanın ucbatından Avropa ölkələri arasında ümumi ziddiyətlərin artıq idarəolunmaz səviyyəyə çatmaq üzrə olduğu bildirilir.(musavat.com) Вернуться назад |