Главная > Dünya > Türkiyə ilk dəfə kosmosa insan göndərib

Türkiyə ilk dəfə kosmosa insan göndərib


19-01-2024, 09:43. Разместил: admin
Türkiyə ilk dəfə kosmosa insan göndərib


İlk türk astronavt Alper Gezeravcının kosmosa səyahəti başlayıb. Astronavt yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürurun ifadəsi kimi qiymətləndirilir. Tarixi uçuş ölkənin demək olar hər yerində quraşdırılan xüsusi ekranlar vasitəsilə yayımlanıb. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep və bir çox digər şəhərlərdə keçirilən tədbirlərlə bölüşüblər.

Uçuşdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk türk astronavtın kosmik səyahəti ilə bağlı videomüraciəti yayımlanıb.

Türkiyə Prezidenti uçuşla bağlı bildirib: “Elm tarixinə misilsiz töhfələr vermiş bir sivilizasiyanın varisləri olaraq biz tarixdə daşıdığımız missiyanı yenidən yerinə yetirmək üçün çox dəyərli yeni bir başlanğıc edirik”.

Türkiyənin Cümhuriyyət tarixində ilk insanlı kosmik missiyasını yerinə yetirmək üçün seçilən astronavt namizədlər Alper Gezeravcı və Tuva Cihangir Ataseverin adları ilk dəfə ötən il aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” Festivalında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ictimaiyyətə açıqlanıb. Bundan sonra namizədlər ABŞ, Yaponiya, Almaniya və Türkiyədə təlim keçiblər.

İlk kosmik missiya üçün seçilən Alper Gezeravcı 1979-cu ildə Türkiyənin Mersin vilayətinin Silifke rayonunda anadan olub. O, Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnik Gezeravcının “F-16” da daxil olmaqla, bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb.

Xatırladaq ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edəcək. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşən “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.


Вернуться назад