Главная > Dünya > Dünya nizamında ciddi dəyişiklik: Baydeni Yaxın Şərqə gətirən ilginc səbəblər
Dünya nizamında ciddi dəyişiklik: Baydeni Yaxın Şərqə gətirən ilginc səbəblər15-07-2022, 11:32. Разместил: admin |
Baydenin Yaxın Şərq səfəri ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə reallaşan səfəri bütün dünyanın diqqətini yenidən bu bölgəyə yönəldib. Çünki bu səfər proqramı zənginliyi ilə yanaşı, əhatəliliyi ilə seçilir. ABŞ-İsrail münasibətləri Yaxın Şərqdə yeni təhlükəsizlik sisteminin formalaşdırılması və ya İsrailin rəhbərliyi ilə Yaxın Şərq NATO-sunun yaradılması… Baydenin Yaxın Şərq diplomatik turunun ilk dayanacağı İsrail olub. İsrail rəsmiləri Baydenin səfərini yüksək dəyərləndirərək, bu səfər böyük ümidlər bəslədiklərini bəyan ediblər. Verilən bəyanatlardan da görünür ki, İsraildə aparılacaq müzakirələrin ana xəttini İran məsələsi olacaq. Baydenin qarşılanma mərasimində çıxış edən İsrail Prezidenti Hersoq bəyan edib: "Bu səfərdə siz bilavasitə İrandan və onun uzantılarından irəli gələn, İsraili və qonşularını təhdid edən, regionumuzu riskə atan təhlükəsizlik məsələlərini müzakirə edəcəksiniz". “…Cənab Prezident, bu səfər İsraildən Səudiyyə Ərəbistanına, müqəddəs torpaqlardan Hicaza qədər sülh səfəridir”, - İsrail Prezidenti qeyd edib. İsrailin baş naziri Lapid isə bunları deyib: “İbrahim razılaşmalarından və Nəcəf Sammitinin nailiyyətlərindən sonra Yaxın Şərq ölkələri ilə yeni təhlükəsizlik və iqtisadi arxitekturanın qurulmasını müzakirə edəcəyik. Biz İranın nüvə proqramını dayandıracaq güclü qlobal koalisiyanın yenilənməsi zərurətini müzakirə edəcəyik”. Hələ bir neçə gün öncə xarici mətbuata Yaxın Şərqdə İranın təhdidinə qarşı daha etibarlı bir hərbi koalisiyanın yaradılması barədə məlumatlar gedib. Hətta bu məsələ ilə bağlı İsrail, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin rəsmiləri Misirdə gizli görüşlər keçiriblər. Görüşdə birgə hərbi əməkdaşlığı nəzərdə tutan məsələ müzakirə olunub. Düzdür, dünyada yaranmış vəziyyətdə, xüsusən də Rusiya-Ukrayna müharibə fonunda Ağ Evin bu məsələdə mövqeyi İsrailin mövqeyindən fərqlənir. Sabiq Prezident Trampdan fərqli olaraq Bayden Tehranla əməkdaşlıqda maraqlı görünür. Bayden müəyyən şərtlər daxilində Qərbin neft və qaz asılılığından azaldılmasında, eyni zamanda neftin qiymətinin enməsində Tehranla əməkdaşlıq etmək niyyətindədir. Təl-Əviv isə qətiyyətli formada Qərbin İranla əməkdaşlığına qarşı çıxır. Təl-Əvivin İrana qarşı mövqeyi Körfəz ölkələrin maraqları ilə üst-üstə düşür. Bütün bu məsələlər görüşlərdə müzakirə olunub. İsrail Qərbin nüvə məsələsində konkret şərtlərlə razılaşma əldə edildikdən sonra Tehranla əməkdaşlığına qarşı deyil. Rusiya, Çin və İranın bölgədən sıxışdırılıb çıxarılması Baydenin müzakirə edəcəyi əsas məsələlərdən bir də Rusiya, Çin və İranın bölgədən çıxarılması məsələsi olacaq. Rusiya, Çin və İranın Yaxın Şərqdə nüfuzunu qoruyub saxlaması, təkcə ərəb ölkələri və İsraili deyil, eyni zamanda Ağ Evi ciddi narahat edir. Çünki ABŞ-nin bölgəyə marağı azaldıqca, Çin iqtisadiyyat baxımından, Rusiya isə təhlükəsizlik baxımından Yaxın Şərqdə mövqelərini möhkəmlədib. Bayden Çin və Rusiyanı məhdudlaşdırmaq üçün Yaxın Şərq və Şimali Afrika ölkələrinin səylərini birləşdirən bir koalisiya yaratmaq istəyir. Ağ Ev bu məsələdə Türkiyənin də rolundan faydalanmağa çalışır. Elə son aylarda İsrail-Türkiyə, ərəb ölkələri ilə Ankara arasında münasibətlərin istiləşməsinin bir səbəbi də bununla bağlı hesab etmək olar. O baxımdan Baydenin Təl-Əvivdə verdiyi bu bəyanat xüsusi önəm daşıyır: “Biz ABŞ-nin İsrailin təhlükəsizliyinə, o cümlədən dünyanın ən qabaqcıl müdafiə sistemləri üzərində İsraillə işləməsinə sarsılmaz sadiqliyini vurğulayırıq. İndi mən İsrailin raket və raketdən müdafiə imkanları, o cümlədən ABŞ-nin Dəmir Günbəz və İsrailin yeni “Dəmir Şüa” sistemləri ilə daha dərin məlumatlar əldə edəcəyəm”. Bu onu deməyə əsas verir ki, Ağ Ev Rusiya və İranın Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması üçün hava-hücumundan müdafiə sisteminin yaradılmasında və bölgədən sıxışdırılıb çıxarılmasında dəstək verməyə hazırdır. Çinin Yaxın Şərqdən çıxarılması Baydenin səfər çərçivəsində İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan və ABŞ arasında virtual ərzaq təhlükəsizliyi sammiti keçiriləcək. Vaşinqton bu yolla Çinin bölgədəki mövqeyini zəiflətmək istəyir. İsrail-Fələstin münasibətləri Bayden səfər çərçivəsində Fələstin lideri Mahmud Abbasla görüşəcək. Vaşinqton İsrail-Fələstin münasibətlərində ikili dövlət prinsipinin tərəfdarıdır. Bayden bu mövqeyini bir daha keçirəcəyi görüşlərdə ortaya qoyaraq, razılaşmanın əldə olunmasında öz dəstəyini bəyan edəcək. Ağ Ev eyni zamanda İsraili İranın bölgədə mövqeyini zəiflətmək üçün Fəlsətinə qarşı mövqeyini yumşaltmaq və qarşı tərəfin müəyyən şərtlərinin qəbul edilməsi istiqamətində səylər edəcək. Vaşinqton bu yolla həm də ərəb dünyası ilə İsrail münasibətlərini normallaşdırma və bölgədə yeni konfiqurasiya yaratmağa çalışacaq. Enerji qiymətlərinin aşağı salınması Baydenin səfərinin ən mühüm səbəbi neft hasil edən ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanının enerji qiymətlərini aşağı salmaqdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində neftin qiymətinin kəskin bahalaşması və bunun nəticəsində dünyada sürətli bahalaşmanın olması, ciddi narahatlıq yaradan məsələlərdəndir. Enerji daşıyıcılarının qiymətinin artımı fonunda bahalaşma və sürətli infilyasiya Qərb koalisiyasının Rusiyaya qarşı mübarizəsini effektini aşağı salır. ABŞ Rusiyaya effektiv mübarizəni təmin etmək və qarşısına qoyduğu hədəfə nail olmaq üçün enerji daşıyıcılarının qiymətlərinin aşağı salınmasına çalışır. Bu məqsədlə indiyədək Vaşinqton əsas neft hasilatçısı olan Səudiyyə ilə danışsa da, ciddi razılıq əldə olunmayıb. Məhz Baydenin ən mühüm neft hasil edən ölkələrin yerləşdiyi Yaxın Şərqlə əlaqələri bu mənada vacibdir. Səfəröncəsi başlayan danışıqlar və ilkin razılaşmalar nəticəsində 120 dollara çatan brent markalı neftin qiyməti 100 dollardan aşağı düşüb. Bu məsələ Səudiyyədə keçiriləcək görüşlərdə daha ciddi formada müzakirə olunacaq. Səudiyyə Ərəbistanın şərtləri Səudiyyə Ərəbistanı bir sıra şərtlər daxilində, xüsusən də şahzadə Məhəmməd Bin Salmanın vəliəhdliyini qəbul edəcəyi təqdirdə Vaşinqtonun təkliflərini qəbul edəcəyi mümkündür. Bayden bir müddət əvvəl Məhəmməd Bin Salman barəsində kobud ifadələr işlədib. Səfər isə onu deməyə əsas verir ki, Bayden artıq mövqeyindən geri çəkilib və 37 yaşlı Məhəmməd Bin Salman Səudiyyənin növbəti kral olmasını qəbul edib. Dünyada yaranmış durum Baydeni belə bir addım atmağa vadar edir. Qoca Conun təbirincə desək, ABŞ-nin bu ölkə ilə münasibətləri pozmadan “yenidən nizamlaması” son dərəcə vacibdir. Bayden bu yolla məsuliyyəti üzərinə götürmədən ABŞ-nin maraqlarını region ölkələrinə yenidən mərkəzləşdirəcək siyasətlər tətbiq etməyə çalışır. Çünki Ər-Riyadda Baydenin təşkil edəcəyi sammitdə İraq nümayəndəsi də iştirak edəcək. Səudiyyə səfərinin əsas hədəflərindən biri də Baydenin Ər-Riyadla Təl-Əviv arasında münasibətlərin normallaşdırılmasına nail olmaqdır. Artıq İsrail Körfəz ölkələri olan BƏƏ, Bəhreyn, Küveyt, Qətərlə, o cümlədən Şimali Afrika ölkələrindəki ərəb ölkələri Misir, Tunis, Mərakeş, Əlcəzairlə diplomatik münasibətləri qurulub və bu əlaqələr inkişaf etməkdədir. Odur ki bu səfərin yekunları təkcə Yaxın Şərqdə deyil, yeni dünya düzəninin formalaşması baxımından ciddi əhəmiyyət daşıya biləcək bir səfər olacaq. Вернуться назад |