Главная > Dünya > Rusiyada panika: Kilometrlik növbələr yaranıb – Sıravi vətəndaşları nə gözləyir

Rusiyada panika: Kilometrlik növbələr yaranıb – Sıravi vətəndaşları nə gözləyir


28-02-2022, 11:42. Разместил: admin
Rusiyada panika: Kilometrlik növbələr yaranıb – Sıravi vətəndaşları nə gözləyir


Rusiyanın SWIFT-dən ayrılması barədə hazırlanan sanksiya burada panikaya səbəb olub. Hər yerdə bankomatlar qarşısında növbələr yaranıb, amma bəzi şəhərlərdə növbələr bir kilometrə qədər uzanıb. İnsanlar təcili olaraq Visa və MasterCard plastik kartlardan öz balanslarını nağdlaşdırmaq istəyirlər. Bəs bu sistem nədir və Rusiya əhalisi nədən qorxur?
SWIFT “Society for Worldwide Interbank Financial Telecommunications” sölərinin baş hərflərindən alınmış abreviaturadır və “Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti” kimi tərcümə olunur.

Bəs SWIFT mahiyyət etibarilə nədir və bu sistemdən kənarda qalmaq Rusiya bankları, xüsusən də sadə vətəndaşlar üçün hansı çətinlikləri vəd edir.

SWIFT mesajları banklar arasında xüsusi kodlaşdırılmış bildirişlərdir. Bu, elektron poçtla müqayisə oluna bilər, amma yalnız banklar arasında və xüsusi qorunan kanallar vasitəsilə ünsiyyətə bənzəyir. Mesaj növləri standartlaşdırılıb. Bu, dünyanın demək olar ki, bütün bankları üçün pul köçürmələri sifarişlərini təhlükəsiz və çevik şəkildə bir-birinə çatdırmağa xidmət edir.

Sistem özü vəsait köçürmür. SWIFT elektron fayl idarəetmə sistemidir. Bu sistemin köməyi ilə banklar xarici tərəfdaşlarına xarici valyutanın köçürülməsi, konvertasiyası, əməliyyatların təsdiqlənməsi üçün sifarişlər göndərir, müştərilərə zəmanət verə bilirlər.

SWIFT söndürülsə, Rusiyada beynəlxalq ödənişlər necə olacaq? Bu halda banklar ya hər iki tərəfin etimad göstərdiyi başqa bir bənzər sistemdən istifadə etməlidirlər, ya da birbaşa danışıqlar apararaq əməliyyat aparmalıdırlar. Amma bu daha bahalı bir proses olacaq və ödənişlərin operativliyi azalacaq. Məsələn, SWIFT vasitəsilə saniyələr ərzində təsdiqlənən ödəniş birbaşa danışıqlar zamanı bir neçə günə təsdiqlənə bilər.

SWIFT bloklanarsa, bu, Visa və Mastercard kartlarına təsir edəcəkmi? Bəli. Amma Rusiya daxilində o kartlardan istifadə etmək yenə də mümkün olacaq – bankomatlarda nağdlaşdırma bundan sonra da mümkün olacaq. Sadəcə olaraq, bir Rusiya vətəndaşı xaricə ödəniş etmək və ya almaq istəyərkən problem yaşayacaq.

Qadağa valyuta məzənnələrinə də təsir edəcək. İlkin olaraq hazırda Rusiyada yaşanan panika istər-istəməz valyuta məzənnələrinə təsir edəcək, dollara tələbat kəskin artacaq, rubl dəyər itirəcək.

Rusiyanı SWIFT-dən ayırmaq maliyyə sistemində qəfil çöküş yaradacaq - bütün əməliyyatlar dərhal dayanacaq. Neft və qaz satışı da yeni ödəmə metodları işə düşənə qədər dayandırılacaq.

Hazırda Rusiya bu zərbədən yan keçmək üçün kriptovalyutada əməliyyatlarını leqallaşdırmağa hazırlaşır. Amma problem ondadır ki, söhbət təkcə SWIFT-dən getmir. Həm də Rusiyanın bir sıra böyük banklarına qarşı birbaşa sanksiyalar tətbiq olunub ki, bu da həmin banklarla hər hansı formada əməliyyatların aparılmasını çətinləşdirəcək.

Bank xidmətləri ilə sıx əlaqədə olan vətəndaşlar isə hələ uzun müddət bunun acısını yaşayacaqlar. O üzdən də artıq Rusiyada bankomatların qarşısında uzun növbələr yaranıb.

Mənbə: bizimyol.info


Вернуться назад