Главная > Dünya > ABŞ-ın Rusiyaya gizli cavabı mediada yayıldı

ABŞ-ın Rusiyaya gizli cavabı mediada yayıldı


4-02-2022, 09:23. Разместил: admin
ABŞ-ın Rusiyaya gizli cavabı mediada yayıldı


Yanvarın sonunda ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələblərinə yazılı cavab verib. Tərəflərin razılığı əsasında həmin mətnlər məxfi saxlanılır, yalnız məzmunu haqda ümumi məlumat verilirdi.

Azvision.az məlumatına görə, rəsmilərin açıqlamalarından aydın olurdu ki, Vaşinqton və Alyans Rusiyanın əsas tələblərini yerinə yetirməyəcəklər. Yəni, NATO qapılarını açıq saxlayacaq, Rusiya ilə sərhəddə hücum silahları yerləşdirməkdən imtina etməyəcək.

Amma ötən gün İspaniyanın “El Pais” nəşri həm ABŞ-ın, həm də NATO-nun Rusiyaya yazılı cavabının tam mətnlərini dərc edib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı “El Pais” qəzetində dərc olunan cavabların həqiqiliyini təsdiqləyib. "Mən bu sənədlərdə onların orijinal olmadığına inanmağa əsas verəcək heç nə görmədim", - Prays söyləyib.

Təqdim olunan materiallarda deyilir ki, Vaşinqton Moskva ilə aşağıdakı məsələləri müzakirə etməyə hazırdır:

- Rumıniya və Polşada “Tomahavk” qanadlı raketlərinin yerləşdirilməməsi mexanizmi;

- Ukraynada hücum xarakterli raket sistemləri və qüvvələrinin yerləşdirilməsini məhdudlaşdırmaq üçün qarşılıqlı öhdəliklər;

- Yeni növ nüvə silahlara, eləcə də orta və yaxın mənzilli raketlərə nəzarətə də təsir edən alternativ START-3 sazişi;

- Dənizdə və havada insidentlərin qarşısının alınması üçün əlavə tədbirlər.

Qərb Şərqi Avropada nüvə silahı yerləşdirməkdən çəkindiyini də vurğulayıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb arasında münasibətlər daha da gərginləşib. Qərb ölkələri Moskvanı Ukraynaya hücum hazırlamaqda ittiham edir, bunun fonunda Şərqi Avropada mövcudluğunu gücləndirir və sanksiyaları sərtləşdirməklə hədələyir. Rusiya bütün iddiaları rədd edir və Kiyevin Minsk razılaşmalarına əməl etmədiyini xatırladır.

Rəsmi Moskvaya görə, hücum hekayələrinin məqsədi Rusiya sərhədləri yaxınlığında xarici qruplaşma yaratmaqdır. Bundan əlavə, Kreml və Xarici İşlər Nazirliyi bəyan edir ki, Ukraynada eskalasiyanın əsas səbəbi ABŞ və NATO-nun ora hərbi təlimatçılar, silah və texnika göndərməsi, təlimlərin sayını artırması və bununla da Kiyevi hərbləşməyə sövq etməsidir.

Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl ABŞ və NATO-nun cavabı ilə bağlı bildirib: "Üç əsas tələbimizə adekvat yanaşma görə bilmədik. Bunlar NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq, Rusiya sərhədləri yaxınlığında hücum silah sistemlərini yerləşdirməkdən imtina, NATO-nun Avropadakı hərbi infrastrukturunu 1997-ci ildəki vəziyyətə qaytarmaqdan ibarətdir".

Prezident xatırladıb ki, indi bloka Baltikyanı ölkələr, Polşa və Rumıniya daxildir, baxmayaraq ki, SSRİ dağılandan sonra Moskvanın qərb tərəfdaşları qitənin bu hissəsində öz iştiraklarını genişləndirməyəcəklərinə söz veriblər.

“El Pais”in dərc etdiyi materiallarda da deyilir ki, NATO açıq qapı siyasətinə qətiyyətlə riayət etməkdə davam edir, lakin Putinin bir qədər əvvəl dediyi kimi, bu, alyansın sənədlərində heç bir yerdə əksini tapmayıb.


Вернуться назад