“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO
- 26-02-2021, 12:30
- Dünya
- 0
- 324
613 şəhid... Çoxu qadın, uşaq, qoca... Doğulub böyüdükləri ata-baba torpaqlarında öldürüldülər. 20-ci əsrdə insanlığa qarşı törədilən cinayətin adı, tarixə həkk olunmuş qara ləkə: Xocalı soyqırımı.
Bu barədə “Haber Global”ın Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən reportajında qeyd edilir.
Bildirilir ki, Sovet İttifaqının dağılması ilə Azərbaycana qarşı ərazi iddiasına və hücuma başlayan ermənilər bölgədə tək hava limanına sahib olan, 1991-ci ilin son günlərində mühasirəyə aldıqları və strateji baxımdan əhəmiyyətli olan Xocalını ələ keçirmək üçün hərəkətə keçiblər.
25 fevral 1992-ci ildə aylarla davam edən hücumlarını gücləndirən ermənilər, o zaman Xankəndində yerləşən Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə dinc sakinləri vəhşicəsinə qətlə yetirib, əsirlərə olmazın işgəncələr veriblər.
Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında Xocalı hadisəsi müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər hərəkət kimi qəbul edilir.
Bu günə qədər 15 ölkənin parlamenti və ABŞ-ın 16 ştatının parlamenti Xocalı hadisələrini qınayan və soyqırımı kimi qəbul edən qərarlar qəbul ediblər.
Xocalıdakı hadisələri dünyaya elan etməyə davam edən Azərbaycan beynəlxalq ictimaiyyətdən cinayətkarların cəzalandırılmasını tələb edir.