ABŞ-ın ermənilərin sıx yaşadığı yerlərində “Qarabağ Azərbaycandır” lövhələri quraşdırıldı - FOTO
- 5-11-2020, 10:41
- Dünya
- 0
- 222
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) şüarının yazıldığı lövhələr quraşdırılıb.
Bu barədə Report-a məlumatı Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova verib.
O bildirib ki, iki nəhəng lövhənin dizaynı ABŞ-da yaşayan həmyerlilərimiz Cəmilə Cavadova və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur.
T.Eminova lövhələrin quraşdırıldığı yollarının ermənilərin sıx yaşadığı ərazilər olduğunu deyib:
“Lövlələrdən biri gediş-gəliş yolu olmaqla, “Fort Lauderdale” beynəlxalq hava limanının önündə, digər iki lövhə isə ABŞ-n bütün şəhər və ştatlarına gedən yolları birləşdirən mərkəzi yola qoyulub.
Biz bu məkanları əbəs yerə seçməmişik. Çünki həmin yollar ermənilərin Floridada daha çox məskunlaşdığı ərazilərə - “Boco Raton” və “Palm Beach”ə çıxır”.
T.Eminova ABŞ-da yaşayan Azərbaycan icmasının ermənilərin ədalətsiz işğalçılıq siyasətinə qarşı birləşdiyini deyib:
“Bu ənənəni davam etdirəcəyik. Hələ ABŞ-ın bir çox ştatlarında, böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdiriləcək”.