Ermənilər Roma papasına qarşı - BÖYÜK YALAN ORTAYA ÇIXDI
- 6-08-2024, 15:30
- Dünya
- 0
- 59
Ötən ay Vatikan dövlətinin rəsmi qəzeti “L’Osservatore Romano” Qarabağdakı erməniləşdirilmiş alban abidələri haqda “Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət” adlı obyektiv yazı dərc edib.
“Məqalə maraqlı, faktlarla doludur və müasir Azərbaycan ərazisində yerləşən qədim kəndli dövlətindən - Qafqaz Albaniyasından bəhs edir. Bu dövlətdən qədim kilsələr, monastırlar, məbədlər miras qalıb. Qarabağdakı qədim məbədlər və monastırlar ermənilərə yox, məhz albanlara məxsusdur. XIX əsrin ikinci yarısında Çar Rusiyası etnik erməniləri Osmanlı İmperiyası və İrandan kütləvi şəkildə Qarabağ və İrəvan xanlıqları torpaqlarına köçürdükdən sonra burada tikilmiş məbədlər istisnadır.
Elmi ictimaiyyət bu məqaləni başa düşülən diqqətlə qarşıladı. Qafqaz Albaniyasının tarixinə dair materiallar mətbuatda istədiyimiz qədər dərc olunmur. Üstəlik, xatırladaq ki, “L’Osservatore Romano” Vatikanın əsas mətbu orqanıdır. Müasir Azərbaycan ərazisində eramızın əvvəlində hansı xristian dövlətinin yerləşdiyini isə Vatikan çox gözəl bilir. Bundan başqa, Vatikanın ən zəngin arxivlərində bununla bağlı tarixi sənədlər yetərincə çoxdur", deyə müəllif yazır.
Məqalədə vurğulanır ki, bir çoxları bu barədə danışmağı sevməsə də, Cənubi Qafqazı özünə birləşdirən Rusiya imperiyası Alban kilsəsinin əmlakını erməni ruhanilərinə verib.
“Alban kilsəsinin qədim arxivləri sadəcə yandırıldı. Olsun, tarixçilərin də yaxşı bildiyi kimi, hər şeyi məhv etmək mümkün deyil. Öz arxivinizi öyrənə bilərsiniz, lakin sizə sərf etməyən sübutlar başqalarında qalacaq. Bu gün ”L’Osservatore Romano" öz auditoriyası üçün tarixi həqiqətə girişi bərpa edir. Əlbəttə ki, elmi faktlarla və arqumentlərlə zəngin olan bu cür məqalə Fransa mətbuatında dərc oluna bilərdi. Erməni diasporuna qarşı çıxmaqdan ən çox burada qorxurlar.
Ermənilər arasında isə reaksiya olduqca gözlənilməz oldu. Misal üçün, “Ermənistan Avropa Partiyası”nın rəhbəri Tiqran Xzmalyan “L’Osservatore Romano”nun Qarabağ ermənilərinin xristian irsi haqqında ciddi araşdırma yazmasını arzu etməklə yanaşı, Qafqaz Albaniyası haqqında məqalə dərc etdiyini də bildirib", - məqalədə deyilir.
Müəllif qeyd edir ki, Qafqaz Albaniyası haqqında istənilən məlumata erməni mühitində olduqca əsəbi reaksiya verilir.
“Bunun səbəbini anlamaq olar. "Qədim erməni kilsələri və monastırları" Ermənistanın Azərbaycan Qarabağına qarşı ərazi iddialarına haqq qazandırmaq üçün bəlkə də əsas arqumentdir. Düzünü desək, tanınmış sərhədlərin və beynəlxalq hüququn mövcud olduğu dünyada “bu, 1000 il əvvəl bizə məxsus idi!” üslubunda arqumentlər təyinatı üzrə işləyə bilməz. Bu cür boş əsasla Almaniya Elzas və Lotaringiyaya, Böyük Britaniya Bretana iddia edə bilər, İspaniyanın cənubunu keçmiş Kordova xilafətinə, məsələn, Mərakeşə vermək lazımdır, İtaliyaya keçmiş Roma İmperiyasının bütün ərazisinə iddia edə bilər...
Lakin gəlin realist olaq, Azərbaycanın Qarabağı ilə bağlı dünya ictimaiyyəti çox uzun müddət tanınmış sərhədləri və hətta BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən dörd qətnaməsini görməzdən gəlməyi seçdi. İndi Qarabağın qədim xristian kilsələri və monastırlarının heç də ermənilərə məxsus olmadığı üzə çıxırsa, o zaman İrəvan “danışan təbəqəsi”nin narahatlığı üçün əsas var. Xüsusən Qafqaz Albaniyasından “L’Osservatore Romano” yazırsa. Üstəlik, Ermənistanın Qarabağa qarşı iddiaları heç də gündəmdən düşməyib. Sosial şəbəkələrdə yazılanlarla tanış olmaq kifayətdir, misal üçün, Aram Qabrelyanov yazır: “Mən həmişə deyirəm ki, Ermənistan və "artsax"ın öz torpaqlarını geri qaytarmaq şansı hələ də olacaq. Türkiyə-İsrail münaqişəsi hələ başlanğıcdır. Şans olacaq və ondan istifadə etmək lazımdır. Lakin Paşinyan və onun kamarilyasının rəhbərliyi altında vətən xainləri ilə heç bir şans yoxdur. Əvvəlcə Paşinyanı çıxarmaq, sonra isə “artsax”ı qaytarmaq lazımdır!" Bu personajın “qovmağa” çağırdığı Paşinyan isə konstitusiya islahatlarını hər vəchlə ləngidir və Ermənistan konstitusiyasından Azərbaycanın Qarabağına qarşı iddiaları çıxarmır", - materialda deyilir.
Müəllifin sözlərinə görə, bütün bu təcavüzkar siyasətdə “Böyük Ermənistan” haqqında nəzəriyyələrlə baş-ayaq çevrilmiş tarixşünaslıq, qonşu dövlətlərin ərazilərini “tarixi erməni torpaqları” elan etmək və s. mühüm rol oynayır.
“Təbii ki, Ermənistanın özünün informasiya və elmi məkanını nəzarət altında saxlamaq revanşistlər üçün çətin deyil. Ancaq eynisini Vatikan mətbuatı ilə etmək daha çətin işdir. Nəticədə cənab Xzmalyan hiddətlənir: buna necə yol verildi? Niyə bunun qarşısı alınmadı?! Hara baxırdılar?!! Maraqlıdır, lakin əslində xzmalyan bəylər əmindirlər ki, bütün dünya mətbuatında öz senzuralarını qura, tarixi faktları diz çökdürə, üzr istəyirəm, bilərlər! Tarixi faktlar nə edə bilər, boşuna iddia edə bilərlər ki, Azərbaycan, Gürcüstan, Türkiyə, İran ərazilərinin böyük bir hissəsi Ermənistana məxsus olmalıdır!
Bu, cənabları kədərləndirsə də, arxiv sənədləri və elm tərəfindən tanınmış tarixi faktlar əsasında məlumatları Fransa və digər ölkələrin ictimaiyyətinə təqdim etməyə davam edəcəyik. Hamı da bununla barışmalı olacaq".
Qeyd edək ki, məqalə erməni separatçı-revanşistləri və saxta “tarixçi alimləri” nəinki özlərindən çıxarıb, hətta dəli edib.
Neçə vaxtdır erməni mediası, yalançı tarixçilər bir-birinin ardınca həmin qəzetin ünvanına hədyanlar yağdırır, onu və Vatikanı Azərbaycana satılmaqda suçlayırlar. Roma Papasına ard-arda müraciətlər olunur, ondan məsələyə müdaxilə, qəzetdən isə üzrxahlıq tələb edirlər.
Son olaraq, erməni Apostol Kilsəsinin “artsax yeparxiyası” bunu sırtıqcasına “tarixin təhrifi və Azərbaycan təbliğatına xidmət” adlandırıb. Guya “belə yalançı təbliğat erməni xalqına və bütövlükdə dünya xristian sivilizasiyasının tarixinə hörmətsizlikdir”.
Ermənilərin həşiri, qorxusu, təlaşı, həyasız dirənişi və ənənəvi böhtanları əlbəttə ki, anlaşılandır. Söhbət təkcə tarixi həqiqətləri əks etdirən məqalənin ilk dəfə xristian katolik dininin nüfuzlu mərkəzi Vatikanın dövlət qəzetində dərcindən getmir (məqalə müəllifi Qarabağda da olub). Bu öz yerində.
Məsələ ondadır ki, Qarabağdakı xristian abidə və məbədlərinin mütləq əksəriyyətinin albanlara məxsus olduğunun təsdiqi ermənilərin burada köklü (aborigen) etnos olmadığına, əraziyə köçürüldüyünə şəkk-şübhə saxlamayacaq. Beləcə, onların Azərbaycana torpaq iddialarında on illərlə istifadə etdikləri əsas “arqumenti” kəsərsiz hala gətirəcək.
Bəs alban abidləri üzərində çoxəsrlik erməni saxtakarlıqlarını tam sübut etmək və onları əsl görkəminə qaytarmaq mümkün olacaqmı? Bu yöndə işlər nə yerdədir? Haylar hansı “tarixi faktlar”dan dəm vururlar? Papa onlara reaksiya verəcəkmi?
Mövzu ilə bağlı VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb: “Çox təəssüf ki, Ermənistan uzun illər bu yanlış təbliğatı aparırdı və duya ictimaiyyətini də çaşdırmağa, göstərməyə çalışırdı ki, guya həmin abidələr erməni abidələridir, onun həqiqi sahibi ermənilərdir. Lakin Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra davamlı olaraq cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün dünyaya bir daha agah oldu ki, bu abidələr alban abidələridir və azərbaycanlılara məxsusdur.
Əlbəttə ki, bu cür məqalənin Vatikanda dərc edilməsi böyük bir uğurdur və ermənilərin əsrlərdir apardığı yalan təbliğata ən güclü cavabdır. Nəzərə alsaq ki, Roma katolik kilsəsi bu gün xristianlığın əsas mərkəzlərindən biri hesab olunur və orada belə bir yazının dərc edilməsi bütün dünya tərəfindən diqqətlə izlənilən, baxılan məsələdir, əlbəttə ki, belə olan halda bu məqaləyə bütün dünyanın reaksiyası olacaq və bu erməniləri ciddi şəkildə narahat etməkdədir. Onlar bundan çox əsəbiləşib və çalışırlar ki, haqlı olduqlarını dünyaya sübut etsinlər. Əslində isə bütün dünya da bilir, tarixi mənbələr də onu göstərir ki, bu ərazilər Azərbaycan əraziləridir və azərbaycanlılara məxsusdur və ermənilərin bu addımları yalnız saxtakarlıqdır və saxtakarlıqdan başqa bir şey deyil.
Bir daha qeyd etmək istərdim ki, bu məsələdə Azərbaycan dövlətinin apardığı siyasət, eləcə də Heydər Əliyev Fondunun gördüyü işlər, keçirdiyi tədbirlər, konfranslar, eyni zamanda Azərbaycan dövlətinin Vatikanla yüksək əlaqələri bu prosesə birmənalı olaraq öz töhfəsini verir. Bu, olduqca önəmli, vacib məsələdir və bu gün bu istiqamətdə işlərin görülməsi və həyata keçirilməsi də olduqca zəruridir.
Beləliklə, artıq Ermənistan ifşa olunur, gələcəkdə də ifşa olunmağa davam edəcək və biz də erməni yalanlarına qarşı işlərimizi davam etdirməliyik. Çünki uzun illər ermənilər bu istiqamətdə böyük işlər aparıb, çox sayda kitablar nəşr ediblər, Vikipediyada bu istiqamətdə çox böyük məlumatlar yerləşdirməyə çalışıblar.
Məlum məsələdir ki, Ermənistan yenə də eyni prosesə davam edəcək, eyni saxtalaşdırmaları etməyə çalışacaq. Ona görə biz də bu istiqamətdə çalışmalıyıq. Təkcə Vatikanda deyil, digər ölkələrdə də bu tip yazıları davamına, çapına nail olmalıyıq və Ermənistanın ifşası məsələsi ilə bağlı davamlı olaraq işlər görməliyik. Bundan sonra biz öz məqsədlərimizə, hədəflərimizə doğru inamlı addımlayacağıq".