Genişmiqyaslı müharibə başlayacaq: Region yeni təhlükə qarşısında - Durum dəyişir
- 2-08-2024, 15:30
- Dünya
- 0
- 64
Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Həmas lideri İsmayıl Haniyənin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra Tehranda qətlə yetirilməsi bölgədə yeni bir gərginliyə yol açıb. Tehranın atacağı addımlar fonunda Yaxın Şərqdə proseslərin istiqamətinin dəyişməsi ehtimal edilir...
- Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. Lokal toqquşmalar genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. İsrailin İranın paytaxtında Həmas liderini öldürməsi İran-İsrail gərginliyini bir az daha artıracaq. Hazırda İran qisas əlaməti olaraq yenə qırmızı bayraq qaldırıb. Amma bu o demək deyil ki, Tehran intiqam aksiyasında uğur qazanacaq. İran general Qasım Süleymaninin də intiqamını ala bilmədi. Bunun əvəzində ABŞ-nin İraqdakı boş hərbi bazasını vurdu. Eyni zamanda İsrail Suriyada iranlı generalları öldürdü, konsulluğa raket zərbəsi endirdi.
Buna cavab olaraq İranın göndərdiyi yüzlərlə raket İsrail tərəfindən neytrallaşdırıldı. Bir İsrail hərbçisinin burnu belə qanamadı. İndi isə faktiki olaraq İranın dəvət etdiyi qonaq öldürüldü. Bu addımın İranda prezidentin andiçmə günü olması da təsadüfi deyil. HƏMAS lideri İsmayıl Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkianın inaqurasiyasında öldürülməsi onun imicinə böyük zərbədir.
- Sizcə, İsrailin bu addımı atmaqda əsas məqsədi nə idi? Bu, İranın yeni siyasi xəttinə necə təsir edə bilər?
- Bu, İsrail tərəfindən qəsdən atılmış addımdır. Əslində İsrail bu addımı başqa ölkədə də ata bilərdi. İranda etməklə İsrail Pezeşkianı mühafizəkar mövqeyə sürükləmək istəyir. Çünki Pezeşkianın islahatçı obrazı, Qərbə olan münasibətləri İsrailin maraqlarına ziddir. İsrail ehtiyat edir ki, sabiq İran prezidenti Həsən Ruhaninin dövründə olduğu kimi o, Qərblə nüvə anlaşması əldə edərək, bu istiqamətdə fəaliyyətini davam etdirə bilər.
- İranda formalaşan yeni siyasi konyuktura üçün bu, nə dərəcədə təsirlidir? Türkiyənin bu məsələyə yanaşması necə olacaq?
- HƏMAS liderini ona görə Tehranda öldürdülər ki, Pezeşkian Qərblə anlaşa bilməsin. Tükiyə də bu hadisəni qınayıb. Bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə sərt xəbərdarlıq ünvanlamışdı. Sözsüz ki, bu hadisəyə görə, Türkiyənin İsraillə müharibəyə başlaması Ankaranın maraqlarına uyğun deyil.
- Artan gərginlik və siyasi basqılar rəsmi Təl-Əvivin davranışlarına nə kimi təsiri ola bilər?
- Fakt odur ki, bütün bunların fonunda İsrail Qəzzada hərbi əməliyyatlar aparır. Eyni zamanda Livan və Suriyada bir çox mövqelərə zərbələr endirir. Bundan öncə də İsrailin İrandakı casus şəbəkəsi çox ciddi əməliyyatlar icra edib. Yaxın 10-15 il ərzində İsrail İranın atom elektrik stansiyasında çalışan bir çox alimlərini öldürüb. Təl-Əviv heç vaxt bu hadisələri təsdiq və təkzib etməyib. Bu da onların fəaliyyət üslubudur.
- Bölgədə artan gərginlik Azərbaycan üçün nə vəd edir?
- Sözsüz ki, gərginlik artacaq. Rusiya-Ukrayna müharibəsinin geniş miqyas alması, başqa oyunçuların da bura daxil olması vəziyyəti gərginləşdirdiyi kimi Yaxın Şərqdə də eyni ssenarinin baş verməsi mümkündür. Hətta lokal toqquşmalar genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Azərbaycan bölgədə hər hansı müharibənin əleyhinədir. Amma Azərbaycanı da mürəkkəb duruma sürükləmək istəyirlər. İran qonşu ölkədir, Türkiyə qardaş, müttəfiq dövlətdir, İsrail isə tərəfdaşdır. Bu ölkələr arasında olan gərginlik isə Azərbaycanın maraqlarına ziddir.