Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
- 13-05-2024, 11:10
- Dünya
- 0
- 57
Ermənistanda etirazlar getdikcə qızışmaqdadır. Arxiyepiskop Baqrat Srbazanın ətrafında birləşən insanlar bugünkü aksiyalara İrəvanın mərkəzi küçələrini zibil qutuları və skamyalarla bağlamaqla başlayıblar.
Arxiyepiskop Srbazan insanlara təkcə paytaxt İrəvanı deyil, eyni zamanda Ermənistanın müxtəlif şəhər və bölgələrində həyatı iflic etmək üçün total tətillərə çıxmaq barədə çağırış edib.
Srbazan İrəvan və ökənin iri şəhərlərində hərəkətləri iflic etməklə hakimiyyət böhranı yaradıb hökumətin etimadsızlığına nail olmaq istəyirlər.
"Əminəm ki, etimadsızlıq səsverməsi prosesi və baş nazirliyə namizədlə bağlı planlarımız konkretləşəndə burada bir neçə yüz min nəfər olacağıq", - arxiyepiskop Srbazan qeyd edib.
Baş nazir postuna namizəd məsələsinə toxunan Srbazan deyib ki, namizəd heç bir partiyanın və ya maraq qrupunun üzvü ola bilməz: "Çünki bu mübarizə milli xarakter daşıyır, həqiqətin qələbəsinə yönəlib və bu, ölməzlərin yürüşüdür".
O eyni zamanda hesab edir ki, bugünkü (mayın 13-də) baş tutacaq aksiya keçid hökuməti barışıq kabinetinə çevrilməlidir: “Keçid hökumətinə partiya mənsubiyyətindən asılı olmayaraq insanlar daxil olmalıdır".
Azərbaycanla sülh danışıqlarına gəldikdə isə Srbazan deyib ki, sülh danışıqlarının davam etdirilməsinə sadiq olmalıdırlar: "Biz indiki xarici siyasətdən imtina etməliyik. Alət olmamalıyıq. Biz güclə formalaşan heç bir reallığı qəbul etməməliyik”.
Ermənistandakı hadisələrin gələcək inkişaf tendensiyası bugünkü və qarşıdakı bir neçə gündə keçiriləcək aksiyadan asılı olacaq.
Aksiya iştirakçılarının müəyyən mərhələdə hökuməti istefaya məcbur etmək üçün zorakı metodlardan da istifadə edəcəyi istisna deyil. Sadəcə onlar küçələrə lazımi səviyyədə insanın yığılmasını gözləyir və bunu təmin etməyə çalışırlar. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını qaçılmaz edir. İstənilən halda Ermənistandakı son hadisələr, sülhdən yayınma prosesləri ölkənin inkişafına deyil, erməni dövlətçiliyinin daha da böhrana sürüklənməsinə xidmət edir. Bu da öz növbəsində Ermənistanda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.