Türkiyəli diplomat Hulusi Kılıç: ”Azərbaycanın qələbəsi regionda intibah yaradacaq”
- 29-09-2020, 09:00
- Dünya
- 0
- 231
“Türkiyə bu gün də, dünən də Azərbaycandakı savaşı, demək olar ki, yaşadı. Rəsmilərimiz, millət vəkillərimiz, siyasi partiyalarımız, televiziyalarımız, mətbuatımız, qeyri-hökumət təşkilatlarımız və bütövlükdə cəmiyyətimizin fikri, düşüncəsi bu an Azərbaycandadır”.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç APA-ya açıqlamasında belə bildirib.
H.Kılıc deyib ki, iki qardaş ölkə arasında əlaqələr bu il iyunun 12-də Azərbaycanın sərhəd rayonu olan Tovuza Ermənistan tərəfindən edilən haqsız hücumlardan sonra daha da intensivləşib.
Diplomat bildirib ki, Türkiyə ilə Azərbaycanın sarsılmaz əlaqələrinin tarixi keçmişi var: “Birinci dünya müharibəsindən zəifləyən Osmanlı dövləti 1915-ci il Çanaqqala savaşında Azərbaycan Türklərindən xüsusi dəstək alıb. Çanaqqala uğrunda minlərlə azərbaycanlı şəhid olub, Çanaqqalada onların şərəfinə abidə də qoyulub.
1918-ci ildə Azərbaycan müstəqil dövləti qurduqdan sonra Ermənistan “Böyük Ermənsitan” xəyalı ilə Azərbaycana torpaq iddiasına qalxır. Azərbaycanın bir çox bölgələri, o cümlədən Bakı Erməni Daşnaksütyun Partiyası tərəfindən ələ keçirilir və qətliamlar törədilir. Azərbaycan Osmanlıdan dəstək istəyir. Osmanlı yaxın keçmişində olan dəstəyi dəyərləndirir və 7 min qoşunla Qafqaz İslam Ordusu yaradılır və bu ordunun komandanı Nuri Paşanın rəhbərliyi altında Bakı ermənilər və bolşeviklərdən təmizlənir.
Bundan başqa, 1921-ci ildə Sakarya qələbəsində Azərbaycan Türklərinin xidməti var.
Çox yaxşı olardı ki, Azərbaycan və Türkiyə gəncliyi bu tarixi faktları yaxşı öyrənsin.
1991-ci ildə Azərbaycan müstəqillik qazandıqda bunu ilk tanıyan ölkə Türkiyə olur. 1999-cu ildə mərhum Heydər Əliyev Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına gətirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi üçün çox böyük qüvvələrlə üz-üzə dursa da, bu layihəyə imza atır. 2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndə mərhum atasının bu uzaqgörən siyasətini və layihələrini davam etdirir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi buna misaldır. Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın yatırım edib. 2009-cu ildə Türk Şurası yaradılanda Türkiyə bu yola Azərbaycanla çıxdı, sonra digər türk dövlətləri bu birliyə qatıldı. Təbii ki, Azərbaycanla Türkiyəni qüdrətləndirən layihələr də bölgədə yalnız öz mənfəətini güdən ölkələri narahat edir”.
H.Kılıc bildirib ki, Azərbaycanla Türkiyənin həmrəyliyinin, birliyinin daha da güclənməsi regiondakı ölkələrlə yanaşı, imperialist gücləri də əndişləndirir ki, onlar da səfalət içində olan təxribatçı Ermənistandan bu məsələdə alət kimi istifadə edirlər: “Ermənistan hər zaman yaratdığı təxribatları ilə mövcud olub və onun provakasiyalarından hər zaman imperialist qüvvələr yararlanıb. Amma hazırda Türkiyənin də xüsusilə hərbi təlim dəstəyi sayəsində Azərbaycanın qüdrətli bir ordusu var. Azərbaycan 30 il dialoq yolu ilə bu problemin həllinə çalışdı. Amma ATƏT-in Minsk qrupunun üzvü ABŞ, Rusiya, Fransa erməni diasporunun ən güçlü olduğu ölkələrdir ki, bu 3 ölkə indiyədək Qarabağ problemini həll etmədi. Hadisələrin gedişi də onu göstərir ki, Azərbaycan Ermənistanın haqsız hücumlarına cavab verib, işğaldakı tarixi torpaqlarını geri alacaq. Türkiyə ilə Azərbaycan ən çətin anında bir-birinin yanında olur. Yəni qarşılıqlı olaraq bir-birimizə can borcumuz var. Ona görə də bu haqq işində Türkiyə tam qəlbi və canı ilə Azərbaycanın yanındadır. Bu ədalətli mübarizəsində Azərbaycanın qalib olacağına əminəm. Bu tək Azərbaycanın deyil, region dövlətlərinin qələbəsi olacaq, Ermənistan xalqı da səfalətdən qurtulacaq. Azərbaycanın qələbəsi regionda intibah yaradacaq”.